Gələcəyin aqronomları Kənd Təsərrüfatı Nazirliyində təcrübə keçiblər - FOTOLAR
Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisaslar üzrə təhsil alan tələbələri Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində təcrübədə olublar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tələbələrlə görüşdə Naxçıvan Muxtar Respublikasının Kənd təsərrüfatı naziri Bəhruz Bayramov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarının icrası çərçivəsində keçirilən görüşün gənclərin mütəxəssis kimi hazırlanmasında atılan mühüm addımlardan biri olduğunu deyib.
Naxçıvan Dövlət Universitetində 40-a yaxın təşkilatla hamilik proqramına uyğun olaraq tədbirlər həyata keçirildiyini deyən Universitetin rektoru Elbrus İsayev tələbələrə bu imkanlardan səmərəli istifadə etməklə mütəxəssislərlə birgə layihələr, startaplar hazırlayıb təqdim etmələri barədə təklif və tövsiyələrini çatdırıb.
Sonra tələbələr nazirliyin aqrar sektorun bütün sahələrinə aid ədəbiyyatlarla zəngin kitabxanası ilə tanış olublar. Nazirliyin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri laboratoriyasında aparılan analizlər barədə də onlara məlumat verilib. Bildirilib ki, laboratoriyada torpağın mexaniki və struktur tərkibi, hidroskopik nəmliyinin, turşuluğunun, şoran və şorakətliyinin, torpaqda azot, fosfor, kalium, həmçinin mikroelementlərin və torpağın elektrik keçiriciliyinin təyini həyata keçirilir. Toxumçuluq laboratoriyasında isə tələbələrə toxumun təmizlik faizi, cücərmə qabiliyyəti, təsərrüfat yararlılığı, səpin norması, cücərmə enerjisi, nəmliyi, tarla şəraitində taxılın un çıxımı, toxumda yapışqanlığın və bitki məhsullarının tərkibində nitrat və nitritlərin təyini prosesləri barədə məlumat verilib.
Kənd təsərrüfatı texnikaları ilə də tanış olan gələcəyin aqronomları əkin sahələrinin gübrələnməsi, dırmıqlanma və dərmanlanma prosesinin şahidi olublar.
Məmmədbağır Dünyamalıyev