Təhsilverənlərin sertifikatlaşdırma imtahanları başa çatıb

A- A A+

Dövlət İmtahan Mərkəzi tərəfindən muxtar respublikada müxtəlif istiqamətlər üzrə imtahanların keçirilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət ötən ay da davam etdirilib.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yanvar ayından başlanan təhsilverənlərin sertifikatlaşdırma imtahanları mart ayı ərzində də keçirilib, muxtar respublika üzrə riyaziyyat, ibtidai sinif müəllimliyi, Azərbaycan dili, tarix, ingilis dili, fiziki tərbiyə, biologiya və texnologiya müəllimlərinin sertifikatlaşdırılması tam başa çatdırılıb. Digər ixtisaslar üzrə imtahanlar müvafiq olaraq bu gün başa çatacaq.

5-9 mart tarixlərdə keçirilən musiqi təhsili müəssisələri üzrə müəllimlərin attestasiya imtahanlarının müsahibə mərhələsində iştirak edən 39 namizəddən 33-ü keçid balını toplayıb və pedaqoji fəaliyyətini davam etdirmək hüququ qazanıb.

Musiqi təhsili müəssisələrinə işə qəbulun müsahibə mərhələsi də attestasiya imtahanlarının müsahibə mərhələsi ilə eyni qaydada təşkil olunub. İmtahanda test mərhələsində uğur qazanmış 62 namizəd iştirak edib. Onlardan 46-sı müsahibədə uğur qazanıb. Uğur qazanmış namizədlərin sənədləri təyinat aparılması üçün müvafiq olaraq göndərilib.

Dövlət orqanlarında çalışan əməkdaşların peşəkarlığının yoxlanılması məqsədilə keçirilən attestasiya imtahanları mart ayında da davam etdirilib. Martın 11-də  keçirilən Daxili İşlər Nazirliyi əməkdaşlarının növbəti attestasiya imtahanında nazirliyin 37 əməkdaşı iştirak edib, 29 nəfər keçid balını toplayıb.

Martın 29-da Naxçıvan Muxtar Respublika Prokurorluğu və Hərbi Prokurorluğun 7 əməkdaşının iştirakı ilə keçirilən attestasiya imtahanında isə namizədlərin hər biri müvafiq keçid balını toplayıb. 

Həmçinin mart ayı ərzində hamiliklə bağlı tədbirlər də diqqətdə saxlanılıb. Dövlət İmtahan Mərkəzinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin mərkəzə hamiliyə verilmiş Dövlət və bələdiyyə idarəetməsi və Dövlət və ictimai münasibətlər ixtisaslarında təhsilalan tələbələrlə görüşüb. Onlara “Dövlət qulluqçularına aid hüquqi məsuliyyət tədbirləri” və “Dövlət qulluğuna qəbul üçün müsabiqənin keçirilməsi qaydaları” mövzularında hazırlanmış slaydlar vasitəsilə seminar keçirilib.

Ay ərzində mərkəz tərəfindən təşkil olunmuş dövlət qulluğuna qəbul üçün hazırlıq kurslarında 105, müəllimlərin işə qəbulu üçün hazırlıq kurslarında isə 14 olmaqla, ümumilikdə, 119 nəfər iştirak edib. 

Qeyd edək ki, martın 31-də gömrük orqanlarına işə qəbulla bağlı elan edilən müsabiqəyə sənəd qəbulu mayın 2-nə qədər davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: