Aprelin 7-də “Məktəblilərin dram müsabiqəsi”nin yekununa həsr olunmuş tədbir keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, təhsil müəssisələrinin infrastrukturu yenilənib, maddi-tədris bazası möhkəmləndirilib, məktəb kitabxanaları 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyatla təmin edilibdir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verən, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edən oxunması zəruri olan kitabların siyahısı təsdiq edilib, kitabxanalarda guşələr yaradılıbdır.
Nazir qeyd edib ki, şagirdlərin kitabxanaların imkanlarından səmərəli istifadə etmələri, elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilmələri, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində davamlı tədbirlər keçirilir. Bu istiqamətdə keçirilən tədbirlərdən biri də “Məktəblilərin dram müsabiqəsi”dir. 2021-ci ilin dekabrın 13-dən başlayaraq 3 mərhələdə keçirilən müsabiqədə 183 məktəb üzrə 1200-dən artıq şagird iştirak edib. Əsərlərdən səhnələşdirilən parçalar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Şagirdlərin hazırladıqları səhnələrin tərtibatı, əsərdəki dövrlə səsləşən geyim və aksesuarlardan istifadə etmələri, əsərlərin mahiyyəti və ideyasını tamaşaçıya çatdıra bilmələri, dialoq və kompozisiyaları canlı ifa etmələri onu deməyə əsas verir ki, müsabiqə böyük marağa səbəb olub və müsabiqəyə hazırlıq yüksək səviyyədə təşkil edilib.
Rəhman Məmmədov ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində şagirdlərin istedad və bacarıqlarının üzə çıxarılması üçün yaratdığı əlverişli şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Nətavan Qədimova qeyd edib ki, bu gün muxtar respublikada teatrların fəaliyyətinə hərtərəfli dövlət qayğısı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, teatr binaları yenidən qurulub və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Hazırda muxtar respublikada fəaliyyət göstərən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, bölgələrdə fəaliyyət göstərən 5 xalq teatrı tamaşaçıların asudə vaxtlarının mənalı təşkilində əhəmiyyətli rol oynayır.
Mədəniyyət naziri bildirib ki, “Məktəblilərin dram müsabiqəsi” bundan sonra da şagirdlərin kitab mütaliəsinə marağının atmasına, onların bədii-estetik zövqünün və bədii qiraət bacarığının formalaşmasına, nəhayət, muxtar diyarımızda teatr sənətinə olan marağın güclənməsinə dəyərli töhfə olacaqdır.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev çıxış edərək qeyd edib ki, şagirdlər arasında keçirilən “Məktəblilərin dram müsabiqəsi” muxtar respublikamızda ədəbiyyata göstərilən diqqətin, qayğının bariz ifadəsidir. “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan ədəbiyyatların şagirdlər tərəfindən mütaliə olunması, eləcə də həmin əsərlərdən parçaların səhnələşdirilməsi şagirdlərin bacarıq və istedadını üzə çıxarır.
Sonda qaliblərə təşkilatçılar tərəfindən plaket və oxunması zəruri olan kitablar hədiyyə olunub.
“Məktəblilərin dram müsabiqəsi”ndə Ordubad rayon Vənənd kənd tam orta məktəbinin şagirdlərinin hazırladığı Cəfər Cabbarlının “Solğun çiçəklər”, Naxçıvan Qızlar Liseyinin şagirdlərinin hazırladığı Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyo Jordan və Dərviş Məstəli şah” əsərləri III yerin, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı Moris Meterlinkin “Göy quş” əsəri II yerin, Kəngərli rayon Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri isə I yerin qalibi olub. Həmçinin müsabiqə müddətində aktyorluq bacarığı ilə fərqlənən 8 şagird də mükafatlandırılıb.
Sonra “Məktəblilərin dram müsabiqəsi”nin seçim mərhələləri ilə bağlı hazırlanan videoçarx təqdim edilib. Tədbirin sonunda müsabiqənin qalibi olan məktəblərin hazırladıqları səhnələrə baxılıb.