“Naxçıvan” Universitetində bir sıra ixtisaslar üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinə başlanılıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ali təhsil ocağında bununla bağlı başlanğıc konfransı keçirilib.
Konfransda çıxış edən universitetin rektoru Nurlana Əliyeva istehsalat təcrübəsinin əhəmiyyətindən və təcrübə qaydalarından danışaraq bildirib ki, ali məktəb tələbələrinin tədris prosesinin vacib istiqamətlərindən biri istehsalat təcrübəsidir. Belə ki, ali məktəbin mütəxəssis hazırlığı sahəsində qazandığı uğurlar istehsalat təcrübəsinin təşkilindən çox asılıdır.
Konfransda universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, Hüseyn Bağırsoylunun, İqtisadiyyat kafedrasının müdiri, dosent Həsən Məmmədovun və İdarəetmə kafedrasının müdiri, dosent İradə Bağırovanın təcrübə proqramı ilə bağlı çıxışları dinlənilib. Məlumat verilib ki, 120 tələbə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində, Dövlət Vergi Xidmətində, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində, Turizm Departamentində və Naxçıvan Muxtar Respublikası Xarici İşlər İdarəsində 7-8 həftəlik təcrübə keçəcəklər.
Aynur Əliyeva