Mənəvi rahatlığın unikal məkanı: Əshabi-Kəhf ziyarətgahı - FOTOLAR
Qədim Naxçıvanın tarixi, zəngin mədəniyyəti və bugünkü inkişafı bu torpağa qədəm qoyan hər bir şəxsin ürəyində ülvi duyğular oyadıb, həyata, ulu Tanrıya və insana sonsuz sevgi hissləri yaradır. Naxçıvanın təbii və insan əli ilə yaradılan gözəllikləri o qədər çoxdur ki, saymaqla bitməz. Sərkərdə vüqarlı dağları, barlı bağları, göz yaşı kimi duru bulaqları, əzəmətli qalaları, müqəddəs məkanları Naxçıvanın şöhrətini hər yana yayıb. Naxçıvana səyahət edən qonaqlar bu qədim Nuh yurdunun insanlarının dərin inanclarına, tolerantlığına heyran qalır, buradakı ziyarətgahlarda dualar edib arzularına qovuşurlar.
Muxtar respublikaya səfər edən qonaqların bu torpaqda ilk ayaq basdığı pak məkanlardan biri Naxçıvanın şöhrətini bütün dünyaya yayan müqəddəs Əshabi-Kəhf ziyarətgahıdır. Naxçıvanda yaşayan hər kəs ildə ən azı bir dəfə Əshabi-Kəhfi ziyarət edir. İnsanların bura hər gəlişində tapdığı mənəvi zənginlik bir ömür bəs edər hüzur dolu həyat sürmək üçün. Əshabi-Kəhf elə bir müqəddəs məkandır ki, bura gələn hər kəsin ürəyində növbəti səfəri üçün yeni bir arzu yaranır.
Müqəddəs Əshabi-Kəhf ziyarətgahına budəfəki səfərimiz daha fərqli oldu və uzun müddət yaddaşımızdan silinməyəcək bir təəssürat yaratdı.
5 aprel tarixində Gənclər və İdman Nazirliyi ilə Gənclər Fondu tərəfindən gənclərin diyarımızın əsas turizm məkanlarından hesab edilən “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə təşkil olunmuş ekskursiyası biz tələbə-gənclərin mənəvi düynagörüşünün zənginləşməsinə güclü təsir edən hadisə kimi yaddaşımızda qaldı. Ekskursiyanın əsas məqsədi muxtar respublikanın zəngin turizm potensialının tanıdılması, daha geniş ictimaiyyəti düzgün və dolğun məlumatlandırmaqla milli dəyərlərin və tarixi gerçəkliklərin təbliği və təşviqi idi. Səfər çərçivəsində Əshabi-Kəhf haqqında ətraflı məlumatlandırıldıq, buradakı maraqlı anları və ziyarətgahın ecazkar mənzərələrinin görüntüsünü fotoaparatın, mobil telefonların yaddaşında tarixə çevirərək sosial şəbəkə hesablarında paylaşdıq.
Bir məqamı da qeyd edim ki, muxtar respublikaya gələn turistlər qədim diyarın hər yerində olduğu kimi, bu müqəddəs ziyarətgahda da aparılmış bərpa işlərinin, yaradılanların, təmizliyin şahidi olurlar. Bütün bunlar isə 5 min illik şəhər mədəniyyəti tarixinə malik olan, İslam Mədəniyyətinin paytaxtı kimi şərəfli bir ada layiq olan Naxçıvan diyarında ata-babalarımızın dərin inanclara bağlılığından, doğma torpağına, övladına məhəbbətindən və dövlətinə, rəhbərinə olan sədaqətindən qazandığı Tanrı hədiyyəsidir. Şübhəsiz ki, biz gənclərin vəzifəsi də bu dəyərlərə sadiq yaşayıb, müasir, güclü Azərbaycan dövlətinin layiqli vətəndaşı olmaq üçün daha yaxşı təhsil alıb, uğurlara imza atmaq və belə turizm məkanlarımızı layiqincə təbliğ etməkdir.
Arzuman Əsgərov
“Naxçıvan” Universitetinin “Turizm və otelçilik” ixtisasının III kurs tələbəsi