Naxçıvan məktəbliləri arasında SASMO beynəlxalq riyaziyyat olimpiadası keçirilib - FOTOLAR
Muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında ilk dəfə olaraq SASMO beynəlxalq riyaziyyat olimpiadası keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə təşkil olunan SASMO beynəlxalq riyaziyyat olimpiadasında iştirak etmək üçün muxtar respublikanın ümumtəhsil məktəblərinin 1-11-ci siniflərindən 297 şagird qeydiyyatdan keçib.
Olimpiadada şagirdlərə təqdim olunan 25 sualdan 15-i test,10-u açıqtiplidir. Test sualları 2, açıq tipli suallar isə 4 balla qiymətləndiriləcək. Olimpiada qaydalarına əsasən test suallarında hər bir səhv cavab bir balı aparır. Olimpiadada şagirdlərə 90 dəqiqə vaxt verilib.
Nəticələr 1 ay ərzində elan olunacaq.
Olimpiadada nəticə göstərən şagirdlərə qızıl, gümüş və bürünc medallar, iştirakçılara isə sertifikatlar təqdim olunacaq.
Medal qazanan şagirdlər noyabr ayında Sinqapurda keçiriləcək olimpiadanın final mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.
SASMO beynəlxalq riyaziyyat olimpiadasının keçirilməsində məqsəd aşağı siniflərdə təhsil alan şagirdlərin riyaziyyat fənninə motivasiyasını artırmaq, yuxarı sinif şagirdlərinin isə xarici ölkələrdə təhsil almalarına şərait yaratmaqdır.
Qeyd edək ki, Sinqapur Təhsil Nazirliyi tərəfindən keçirilən olimpiadada 44 ölkədən 40 minə yaxın şagirdin iştirakı nəzərdə tutulur.