Naxçıvanda ilk dəfə mədəniyyət müəssisələrinə işə qəbul üçün müsabiqə keçirilir - FOTOLAR

A- A A+

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin - muzeylər, kitabxanalar, mədəniyyət sarayları, evləri və klublar, rəsm qalereyası, dövlət qoruqları və muzey tipli müəssisələr, tədris və elmi-metodik müəssisələr, kino, dövlət teatr və konsert müəssisələrinin kadr ehtiyacına olan tələbatının ödənilməsi və vakant yerlərin komplektləşdirilməsi məqsədilə elan olunan müsabiqə “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki müəssisələrə işə qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 24 fevral 2021-ci il tarixli qərarına əsasən keçirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, 348 vakant vəzifənin çıxarıldığı müsabiqədə iştirak etmək üçün 202 namizəd qeydiyyatdan keçib. Ən çox Naxçıvan Dövlət Filarmoniyası (83) və Şərur rayon Mədəniyyət Şöbəsi (56) üzrə vakant vəzifənin çıxarıldığı müsabiqədə ayrı-ayrı vəzifələr üzrə mədəni təşkilatçı (81) və metodist (29) vakansiyaları üstünlük təşkil edir. Namizədlər arasında daha çox müraciət isə Şərur rayonu (44) və Naxçıvan şəhər Mədəniyyət Şöbəsi (31) üzrə qeydə alınıb.

Müsabiqənin test mərhələsində hər bir namizədə ümumilikdə 60 olmaqla, müəssisələrdə ixtisaslar üzrə 50, informasiya və kommunikasiya texnologiyalarına aid 10 test tapşırığı təqdim edilir. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt verilir. Test tapşırıqlarının 50 faizini (30 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir. Keçid balını toplamış namizədlər müsahibə mərhələsinə buraxılır.

Müsahibə mərhələsi yalnız qabiliyyət tələb olunan ixtisaslar üzrə vəzifələri tutmaq istəyən namizədlər üçün keçiriləcək. Praktik hazırlıq və peşəkarlıq qabiliyyətinin yoxlanılacağı bu mərhələdə 12 və ya daha çox bal toplamış namizəd uğur qazanmış sayılacaq və müvafiq vəzifəyə təyin olunmaq üçün imtahan nəticələri müvafiq olaraq təqdim olunacaq.

İmtahan nəticələri ilə Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalında tanış ola bilərsiniz.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: