NDU-da ilk dəfə IELTS qeydiyyat və imtahan mərkəzi fəaliyyətə başlayıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə Britaniya Şurasının Azərbaycan Respublikası üzrə direktoru Fransis Qardener –Trexo Naxçıvan Dövlət Universitetində olub. Ali təhsil ocağının Diplomatiya kabinəsində keçirilən görüşdə universitetin rektoru Elbrus İsayev və universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbov iştirak edib.
Qonağı universitetdə ikinci dəfə görməkdən məmnunluğunu ifadə edən universitetin rektoru Elbrus İsayev IELTS qeydiyyat və imtahan mərkəzinin fəaliyyətə başlamasını muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri və ictimaiyyət üçün yaddaqalan hadisə kimi dəyərləndirib, bu ənənənin gələcəkdə digər ümumtəhsil məktəblərini də əhatə edəcəyinə inamını ifadə edib. Qeyd edilib ki, artıq universitetdə müəllim və tələbələr IELTS sertifikatı üzrə təlimlərə başlayıblar. Mərkəzdə ilk dəfə olaraq universitetin ingilis dili müəllimləri və həmin ixtisas üzrə təhsil alan tələbələr imtahan verəcəklər.
Britaniya Şurasının Azərbaycan Respublikası üzrə direktoru Fransis Qardener regionlara əlçatanlığın təmin olunmasının mərkəzin ən böyük hədəflərindən biri olduğunu deyib. Bildirilib ki, Britaniya Şurasının 140-dan çox ölkədə mərkəzi fəaliyyət göstərməklə, 11000-dən artıq təhsil ocaqları ilə tərəfdaşlığı mövcuddur. Vurğulanıb ki, Naxçıvan Dövlət Universiteti ən böyük IELTS tərəfdaşımız olacaq. İELTS-i təhsilin dünyaya qapısı adlandıran Fransis Qardener –Trexo ali təhsil ocağında mərkəzin açılmasını tələbələrin xaricdə təhsil almaları üçün gözəl fürsət olaraq dəyərləndirib.
Görüşün sonunda birgə fəaliyyətə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Qonaq universitetin xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra qonaqlar Xarici dillər fakültəsində IELTS qeydiyyat və imtahan mərkəzinin açılışında olublar. Bildirilib ki, mərkəzin fəaliyyət göstərməsi üçün fakültədə iki otaq ayrılıb və kamera ilə təchiz edilib. Mərkəzin idarə olunmasına rəhbərlik universitetin Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Bayram Əliyevə həvalə olunub.
Sonda Fransis Qardener –Trexo Xarici dillər fakültəsinin Sinxron tərcümə mərkəzində müəllim və tələbələrlə görüşüb. Tələbələrin suallarını cavablandıran Fransis Qardener –Trexo mərkəzin gələcək fəaliyyət istiqamətinin uğurlu tərəflərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Səadət Əliyeva