Naxçıvanda geniş yayılan boyaqotunun əhəmiyyəti

A- A A+

AMEA Naxçıvan Bölməsinin əməkdaşları tərəfindən aparılan elmi-tədqiqat işləri nəticəsində məlum olub ki, Naxçıvan Muxtar Respublikasında arandan tutmuş orta dağ qurşağına qədər bütün ərazilərdə yayılan boyaqotu əsasən çay sahillərində, bağlarda, üzümlüklərdə, çəpərlərin, kanalların kənarlarında və kolluqlarda yabanı halda bitir. Torpağın mexaniki tərkibinə qarşı az tələbkar olan bitki iyun-sentyabr aylarında çiçəkləyir, meyvələri avqust-noyabr aylarında yetişir. Meyvələrinin şirəsi o qədər tünddür ki, hətta parça üzərinə düşdüyü təqdirdə ləkəsi getmir. Hələ qədim zamanlarda yaşamış yunan, roma sənətkarları, ustaları boyaqotu bitkisinin kökünü yüksək qiymətləndirir, ondan rəng əldə edirdilər. Qədim zamanlarda boyaqotu yun, ipək, pambıq parçaların, sapların boyanmasında tətbiq edilən yeganə keyfiyyətli vasitə olub.  Qədimdə  Qafqazda qırmızı boya mənbəyi kimi xalçaçılıqda istifadə olunan  bu bitkidən müasir dövrdə də bu  məqsədilə istifadə edilir. Lakin sintetik alizarinin istehsalından sonra ona qarşı tələbat bir qədər azalıb.

Bitki toxumla və ya vegetativ yolla çoxalır. Mənbələrdə qeyd olunur ki, adi boyaqotunun kökümsovlarının tərkibində üzvi turşular (alma, üzüm, limon), triterpenoidlər, antraxinonlar, iridoidlər, şəkər, zülal, vitamin C aşkar olunub.

Elmi təbabətdə boyaqotunun kök və kökümsovlarından əldə edilən quru ekstrakt spazmolitik, diuretik, litolitik kimi istifadə edilir. Boyaqotu dəri xərçəngi zamanı, eləcə də urolitik dərman kimi böyrək və sidik yollarının kiçik daşlarının salınmasında təyin edilir. Əvvəllər dərman xammalından əlavə, boyaqotunun dəmlənməsinə gəldikdə isə deyə bilərik ki, 1 çay qaşığı xırdalanmış xammalın üzərinə 200 ml soyuq su əlavə edilib 8 saat müddətinə saxlanılır. Bundan sonra süzülüb üzərinə 200 ml qaynar su əlavə edilir. 15 dəqiqədən sonra yenidən süzülür. Alınmış süzüntülər bir yerə tökülüb qarışdırılır və qəbul edilir.

                                                   Qədir Məmmədov

                     AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: