İkinci Dünya müharibəsindən sonra muxtar respublikanın sosial-iqtisadi inkişafına dair yeni kitabın təqdimatı olub
Naxçıvan Dövlət Universitetində İkinci Dünya müharibəsindən sonra muxtar respublikanın sosial-iqtisadi inkişafına dair yeni kitabın təqdimatı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev ali təhsil ocağında tarixçi kadrların hazırlanmasında Tarix kafedralarının xüsusi çəkisi olduğuna diqqəti çəkərək bu sahədə yeni araşdırmaların aparılmasının vacibliyini vurğulayıb. Bildirilib ki, bu gün təqdimatı keçirilən “Azərbaycan tarixi” kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Xəzər Hüseynovun “İkinci dünya müharibəsindən sonra Naxçıvan Muxtar Respublikasının soaial-iqtisadi və mədəni inkişafı” monoqrafiyası bu sahədə dəyərli tədqiqat nümunəsidir. Rektor diqqətə çatdırıb ki, kitab ali məktəb tələbələri, muxtar respublikanın sosial-iqtisadi inkişafı və mədəniyyəti ilə maraqlananlar üçün nəzərdə tutulub.
“Azərbaycan tarixi” kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov qeyd edib ki, kitab aktuallığı, tarixi faktlarla zənginliyi, xüsusilə arxiv materialları ilə seçilən bir tədqiqat əsəridir. Kitab giriş, 3 fəsil, 15 yarımfəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.
“Azərbaycan tarixi” kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasova müəllifin gərgin əməyi sayəsində ərsəyə gələn kitabda ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlməsindən sonra muxtar respublikada sosial-iqtisadi və mədəni tədbirlərin həyata keçirilməsindən, quruculuq işlərindən, təhsil sahəsindəki mühüm irəliləyişlərdən bəhs edildiyini vurğulayıb.
“İqtisadiyyat” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ceyhun Mahmudov qeyd edib ki, kitabda muxtar respublikanın həmin dövrdə iqtisadi cəhətdən imkanları araşdırılaraq dəqiq faktlar və rəqəmlərlə verilməsi monoqrafiyanı iqtisadçılar üçün də faydalı edəcək. Bildirilib ki, İkinci Dünya müharibəsindən sonra muxtar respublikada sənaye potensialının yaradılması vəziyyəti və inkişaf perspektivləri, həmin dövrlərdə Naxçıvanın yüngül və yeyinti sənayesi, muxtar respublika əhalisinin sosial təminatı, mənzil şəraiti, pambıqçılıq və tütünçülüyün inkişafı və bir çox məsələlər araşdırılaraq nəticələri rəqəmlərlə cədvəllər formasında kitabda öz əksini tapıb.
Çıxış edənlər müəllifi təbrik edib ona tarix sahəsində yeni araşdırmalar və yaradıcılıq uğurları arzu ediblər.
Sonda müəllif göstərilən diqqətə görə öz minnətdarlığını ifadə edib.
Fəxriyyə Səyyadova
NDU-nunTeleviziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı