Tələbələr Naxçıvan Muxtar Respublikası Prokurorluğunda təcrübə keçiblər - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Naxçıvan Muxtar Respublikası Prokurorluğunda olublar.

Tələbələrlə görüşdə Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə əlaqədar müvafiq sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, sərəncamların icrası çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Prokurorluğu arasında qarşılıqlı əməkdaşlıq qurulub, bu istiqamətdə fəaliyyət genişləndirilib. Gələcəyin hüquqşünasları üçün seminar-məşğələlərin keçirilməsi, onların prokurorluqda ayrı-ayrı istintaq hərəkətlərinin aparılmasında iştirakı və kriminalistik texnikanın mövcud imkanlarından səmərəli istifadəsi, dövlət ittihamçıları ilə birgə dövlət ittihamının müdafiəsi üzrə məhkəmələrdə iştirakı təmin olunur.

Naxçıvan Dövlət Universitetinin müəllimi Tofiq Hüseynov bildirib ki, hüquqşünaslıq ixtisasında təhsil alan tələbələrlə belə görüşlər, tələbələrin prokurorluq orqanları ilə tanışlığı onların gələcək fəaliyyətlərinə stimul verəcək. 

Prokurorluğun Təşkilat və İcraya Nəzarət şöbəsinin rəisi, ədliyyə müşaviri Pərviz Zülfüqarov bildirib ki, son illər ölkəmizdə, o cümlədən muxtar respublikada müasir informasiyalı cəmiyyətin qurulması, yeni texnologiyaların tətbiqi, gənclərin təşəbbüslərinə geniş yer verilməsi və ideyalarının dəstəklənməsi startap hərəkatının inkişafına səbəb olub.

Prokurorluğun digər əməkdaşları da müxtəlif mövzularda çıxışlar edib, tələbələri maraqlandıran sualları cavablandırıblar.

Görüş iş proseslərinin tanışlığı ilə davam edib. Tələbələrə istintaq hərəkətlərinin sənədləşdirilməsi və digər mövzular barədə danışılıb, mövzu ilə bağlı slaydlar nümayiş etdirilib. Eyni zamanda onlara cinayət işinin başlanması, təqsirləndirilən şəxs qismində cəlbetmə, ittihamı elanetmə qaydaları da izah olunub.

Təcrübə çərçivəsində prokurorluğun kriminalistik avtomaşınının və kriminalistik vasitələrin iş prinsipi tələbələrə izah edilib. Gələcəyin hüquqşünasları hadisə yerində barmaq izlərinin və digər izlərin aşkar edilməsi məqsədilə həyata keçirilən iş proseslərinin ardıcıllığı ilə də əyani tanış olublar və onların sualları cavablandırılıb.

Tələbələr, həmçinin prokurorluğun kitabxana fondu ilə də tanış olublar.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: