Çiçəkləri göyqurşağına bənzədilən bitki - Süsənlər bəzək bitkisi kimi - FOTOLAR

A- A A+

Bitkilər insanlаrın еhtiyаclаrının əsаsını təmin edən ümumxalq sərvətidir. Bu sərvətdən bacarıqla istifadə etmək üçün onun qorunması, nadir növlərin genofondunun toplanılması daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası ərazisində yem, dərman, efir yağlı, vitaminli, bal verən, qida, aşı maddəli, boyaq, bəzək-bağçılıq üçün əhəmiyyətli, lifli, kitrəli, qlükozidli, alkaloidli, kosmetik və digər faydalı bitki qrupları yayılıb. Belə faydalı bitkilər içərisində bəzək xüsusiyyətləri ilə diqqəti cəlb edən süsən növləri də xüsusi yer tutur. 

Süsən bitkisinin çiçəyi çox maraqlı şəkildə düzülüb. Ləçəkləri elə yerləşib ki, çiçəyin hər bir hissəsi aydın görünür. Çiçəyin əsrarəngiz parıltısı, xüsusilə günəşin şüaları altında nəzərə çarpan dərəcədə gözəlləşir. Bitkinin adı “İris”, “İdos” yunan sözü olub, “göyqurşağı” deməkdir. Müxtəlif rənglərdə olan süsən çiçəklərini gözəllik rəmzi olan göyqurşağına bənzədirlər.

Süsənlər insanlara çox qədimdən məlumdur. 1576-cı ildə Antverpendə nəşr olunan Karl Klusiusun kitabında süsənlərin bəzək bitkiləri olduğu göstərilib. Knossos sarayının divarlarından birində çiçək açan süsənlərlə əhatə olunmuş bir gənci təsvir edən şəkil çəkilib. Bu şəkilin təxminən 4000 il yaşı vardır.

Ağ süsən ərəblər tərəfindən qədim zamanlardan becərilib. Ərəbistandan iri, ətirli ağ çiçəkləri olan süsən Afrikanın Aralıq dənizi sahillərinə yayılıb və Mavrların hakimiyyəti dövründə İspaniyaya gətirilib. Amerika kəşf edildikdən sonra Meksikaya oradan isə Kaliforniyaya aparılıb. Flamand rəssamı Jan Brueghel tərəfindən 1610-cu ildə süsən bitkisinin təsviri verilib. Bu təsvirlər göstərir ki, hətta o dövrlərdə avropalılar süsənin bəzək formaları ilə tanış idilər.

Süsənlərin bəzək bitkiləri kimi öyrənilməsi tarixi XIX əsrin sonu, XX əsrin əvvəllərindən inkişaf etməyə başlayıb və  iki ingilis botaniki Maykl Foster, Uilyam Dayksın adı ilə bağlıdır. Uilyam Dayks süsənlərin hibridləşdirilməsi nəticəsində yeni formalar qrupu yaradıb, Daykes isə mədəni florada süsən növlərinin tədqiqatlarını aparıb. O, 1913-cü ildə nəşr olunan "Süsən cinsi" monoqrafiyasında süsən növləri haqqında geniş məlumat verib.

XX əsrdə süsənlər bəzək, dərman və çiçəkli çoxillik bitkilər kimi dünyanın əksər ölkələrində çiçək yetişdirənlər tərəfindən geniş şəkildə becərildi. Süsənlərin 35 mindən çox sortları qeydə alınıb və  becərilən  çoxillik bəzək bitkiləri arasında birinci yeri tutur.

Yaponiyada da süsənlər bəzək bitkisi kimi xüsusi yer tutur. Burada əsrlər boyu əməyinin nəticəsi olaraq, Yapon süsənlərinin çoxlu heyrətamiz dərəcədə gözəl sortları yetişdirilir. Süsən yarpaqları qılınc kimi olduğu üçün, Yaponiyada çiçək cəsarət simvolu hesab olunur.

Respublikamızda bəzək bitkilərinin becərilməsinə 1860-cı ildən başlanılıb. Oranjereyalar isə 1940-cı ildən gül həvəskarları tərəfindən yaradılıb. Azərbaycanda 1918-ci ilə qədər olan dövrdə bəzək bitkilərinin becərilməsi fərdi xüsusiyyət daşıyıb və onunla ayrı-ayrı çiçək həvəskarları məşğul olublar. Əksərən varlılar Yaxın Şərqdən, Avropadan gətirilmiş nərgiz, qərənfil, süsən, tülpan və başqa bəzək əhəmiyyətli güllər ilə öz bağlarını, bağçalarını bəzəyirdilər.

Aparılan tədqiqatlar zamanı Naxçıvan Muxtar Respublikası florasında yayılan bəzi bəzək xüsusiyyətli süsən növləri öyrənilibdir.

Bunlardan Torlu süsən muxtar respublikanın Culfa rayonunun Ərəfsə, Ləkətağ, Teyvaz kəndləri, Ərəci dağ, Xəzinədərə, Gəvik meşələri ərazilərində, otlu yamaclarda yayılıb. Yayıldığı ərazilərin nizamsız otarılması, yaşayış yerlərinə yaxın sahələrdə külli miqdarda yığılması bu bəzək bitkisinin  azalmasına səbəb olub.  

Qafqaz süsəni orta və yuxarı dağ qurşağında 2200 m yüksəkliyə qədər quru daşlıq ərazilərdə, otlu yamaclarda, meşə talalarında, quru, daşlı-çınqıllı çay və dərə sahillərində, kolluqlarda yayılıb. Duzdağ, Böyükdüz, Vayxır su anbarı ətrafları, Sələsüz, həmçinin Culfa rayonun Qarğa bazarı, Cuğa, Ordubad rayonunun Kotam, Köhnə Kotam ərazilərində qeydə alınan bu süsən növü geniş yayılma sahələrinə malik olmasına baxmayaraq, təbii ehtiyatı azdır.

Qurdqulağı süsən Babək rayonunun Nehrəm qəsəbəsi ətrafındakı alçaq təpəliklərdə, Böyükdüz, Duzdağ ərazisində, Culfa rayonunun Darıdağ sahələrində, Gülüstan düzənliyində, Əbrəqunus, Göydərə, Xanəgah, Əlincə dağı, Qazançı, Milax, Ərəfsə ərazilərində yayılıb. Süsənin bu növü endemikdir və yalnız muxtar respublikada yayılıb.

Naxçıvan Muxtar Respublikasında mədəni halda becərilən Alman süsəni 21 ölkənin ofiseneal dərman bitkilərinin siyahısındadır. Bitki Naxçıvan Muxtar Respublikasında mədəni halda bəzək bitkisi olaraq becərilir. Alman süsənindən muxtar respublikada həyatyanı sahələrin, parkların, ofislərin, xiyabanların yaşıllaşdırılmasında və bəzədilməsində istifadə edilir.

Ağ süsən ərəblər tərəfindən çox qədim zamanlardan becərilib. İri ətirli çiçəkləri olan bitki Ərəbistandan Aralıq dənizi vasitəsilə bütün dünyaya yayılıb. Bitkinin  kökümsovu, yarpaqları və çiçəkləri dərman xüsusiyyətlərinə malikdir. Ağ süsəndən muxtar respublikada həyatyanı sahələrin, parkların, xiyabanların bəzədilməsində istifadə edilir.

Sarı süsən yaşıl yarpaqlı, solğun sarı və bəzən bənövşəyi çiçəkli bitkidir. Orta dağlıq qurşaqda Ordubad rayonunun Vənənd, Dırnıs, Nüsnüs, Gənzə, Biləv, Məzrə, Şahbuz rayonunun Badamlı, Kükü, Ağbulaq, Biçənək ərazilərində yayılıb.

Apardığımız tədqiqatlar nəticəsində müəyyən edilib ki, süsənlərin əksəriyyəti bəzək, dərman və başqa faydalı xüsusiyyətləri olduqları üçün əhali tərəfindən həddindən artıq nizamsız toplandığından, təbii ehtiyatları azalmağa başlayıb. Bu səbəbdən Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitab”ına daхil edilən bu süsən  növləri Bioresurslar İnstitutunun “Nəbatat bağı”nda da becərilir. Təbii sərvətlərimizin gələcək nəsillərə də çatması, qorunub saxlanması, onlardan səmərəli və məqsədyönlü istifadə olunması, muxtar respublikamızın hər bir vətəndaşının müqəddəs vəzifəsi olmalıdır.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə reallaşan “Sabahın tədqiqatçıları” layihəsində iştirak edən Naxçıvan şəhər Əkbər Ağayev adına 8 № - li orta məktəbin IX sinif şagirdi Günay Həsənli və elmi rəhbər AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə Salayeva tərəfindən “Naxçıvan Muxtar Respublikası ərazisində yayılan Süsən (İris L.) növləri və onların bəzək əhəmiyyəti” mövzusunda tədqiqat işi aparılır.

Zülfiyyə Salayeva

                            AMEA Naxçıvan Bölməsi Bioresurslar İnsitutunun aparıcı elmi işçisi

                                       biologiya üzrə fəlsəfə doktoru, dosent

Günay Həsənli

                       Naxçıvan şəhər Əkbər Ağayev adına 8 № - li orta məktəbin IX  sinif şagirdi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: