AMEA-nın Naxçıvan Bölməsində tələbələrlə birlikdə tədbir keçirilib - FOTOLAR
AMEA-nın Naxçıvan Bölməsində Naxçıvan Dövlət Universitetinin Tarix ixtisasının hamiliyə götürülən III kurs tələbələrinin iştirakı ilə “Naxçıvan muzeyləri” mövzusunda tədbir keçirilib. Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının gənc mütəxəssislərin formalaşmasında, ixtisaslarını mənimsəməsindəki əhəmiyyətindən bəhs edən Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli muzeylərin maddi, mənəvi dəyərlərin qorunması, öyrənilməsi və təbliğində mühüm önəm daşıdığını söyləyib və Azərbaycanda muzeylərin yaradılma tarixinə nəzər salıb.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev tələbələrdə elmə marağın artırılması istiqamətində görülən işlərdən, elm sahəsində fəaliyyət göstərməyin faydalarından, vətənimizin, elmimizin gələcək inkişafına qazandırdığı töhfələrdən söz açıb. AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda aparılan tədqiqatları, arxeoloji ekspedisiyaların mahiyyətini və əldə olunan elmi nəticələri gənclərin diqqətinə çatdıran bölmə rəhbəri bütün elm sahələri, o cümlədən tarix elmi üzrə bacarıqlı, həvəsli və savadlı kadrlara ehtiyac olduğunu bildirib.
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov mövzu ilə bağlı çıxışında vurğulayıb ki, XIX əsrin sonlarında Nehrəm kəndində məktəb muzeyinin təşkil olunması ilə Azərbaycanda ilk muzey yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Müstəqillik muzeyi fəaliyyət göstərib, 1920-ci ildən başlayaraq isə Gəncə, Naxçıvan, Lənkəran və Şəkidə tarix-diyarşünaslıq muzeyləri yaradılıb.
Azərbaycanda muzey şəbəkəsinin sürətli inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu söyləyən alim ötən əsrin 70-ci illərini, habelə dövlət müstəqilliyinin bərpasından sonrakı dövrü muzey işinin sürətli inkişaf dövrü kimi səciyyələndirib, muxtar respublikada fəaliyyət göstərən 23 muzey, 1 muzeytipli müəssisə haqqında müfəssəl məlumat verib.
Tədbirin davamı Arxeologiya və Etnoqrafiya muzeyində baş tutub. Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun nəzdində fəaliyyət göstərən muzey haqqında ətraflı məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıb.