“Milli musiqi və rəqs” müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTOLAR

A- A A+

Şagirdlər arasında ilk dəfə keçirilən “Milli musiqi və rəqs” müsabiqəsinin yekununa həsr olunmuş tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən  NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbirdə çıxış edən təhsil naziri Rəhman Məmmədov muxtar respublikamızda təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, muxtar respublikada uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, onların istirahətinin, asudə vaxtlarının mənalı təşkilinin təmin edilməsi də diqqətdə saxlanılır.

Şagirdlərin bilik və bacarıqlarının inkişafı və üzə çıxarılması üçün Təhsil Nazirliyi tərəfindən bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdıran nazir vurğulayıb ki, bu istiqamətdə keçirilən tədbirlərdən biri də “Milli musiqi və rəqs” müsabiqəsidir.  Naxçıvan Muxtar Respublikası Təhsil və  Mədəniyyət Nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə məqsəd  çoxəsirlik  inkişaf tarixinə malik Azərbaycanın zəngin musiqi sənəti və musiqi mədəniyyətinin məktəblilər arasında təbliğidir. Müsabiqənin təşkili şagirdlərin milli ruhda tərbiyə olunmasında, xüsusi istedada malik olan gənclərin aşkar edilməsində, milli adət və ənənələrin təbliğində, şagirdlər arasında musiqi, Azərbaycan milli musiqi və rəqs nümunələrinin düzgün təbliğ edilməsində və yaşadılmasında da mühüm rola malikdir.

Nazir bildirib ki, 2021-ci il  yanvarın  21-dən  başlayaraq 3 mərhələdə keçirilən “Milli musiqi və rəqs” müsabiqəsində 108 məktəb üzrə 1300-dən artıq şagird iştirak edib. Müsabiqədə şagirdlər Azərbaycan milli musiqiləri, rəqsləri, xalq mahnıları, çalğı alətləri ilə çıxış edərək öz qabiliyyət və bacarıqlarını nümayiş etdiriblər.

Təhsil naziri Rəhman Məmmədov ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində şagirdlərin istedad və bacarıqlarının üzə çıxarılması üçün yaratdığı əlverişli şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova  qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir, milli və professional musiqi sənətinin inkişafı təmin olunur.

Nazir məktəblilər arasında keçirilən “Milli musiqi və rəqs” müsabiqəsinin də şagirdlərin qabiliyyətlərinin formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev çıxışında bildirib ki, məktəblilər arasında keçirilən  “Milli musiqi və rəqs” müsabiqəsi Azərbaycanın zəngin musiqi mədəniyyətinin təbliğində  mühüm rola malikdir.

Sonda qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, “Milli musiqi və rəqs” müsabiqəsində qaliblər münsiflər heyəti tərəfindən səhnə uyğunluğu və səhnə mədəniyyəti, jest və mimikalardan istifadə bacarığı, mahnı və rəqslərin düzgün seçilməsi, aydın intonasiya və tələffüzün düzgün qurulması nəzərə alınaraq mahnı, rəqs və çalğı alətləri nominasiyaları üzrə qiymətləndirilib.

Sonda “Milli musiqi və rəqs” müsabiqəsinin qaliblərinin təqdimatında konsert proqramı olub. Qaliblər milli musiqilərimizdən parçalar səsləndirib, “Şur” muğamını, “Qarabağ şikəstəsi”ni ifa edib, “Sarı gəlin”, “Tənzərə” yallısı rəqsləri və digər milli musiqi, rəqs nömrələri ilə çıxış ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: