“Ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda konfrans keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, nazirliyin tabeliyində olan təhsil müəssisələrinin kitabxanaçıları ilə keçirilən konfransda təhsil naziri Rəhman Məmmədov muxtar respublikada kitabxana işinin tarixindən, təhsil müəssisələrinin kitabxanalarına göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində muxtar respublikada kitabxanaların maddi bazası yaxşılaşdırılıb, kitabxana fondu zənginləşdirilib, elektron kitabxanalar yaradılıb, kitabxanaların ixtisaslı kadrlarla təminatı diqqətdə saxlanılıb, oxunması zəruri olan kitabların siyahısı təsdiq edilib.

“Məktəb kitabxanaları 3 milyona qədər dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyat və ayrı-ayrı fənlərin tədrisi üçün 2140 ədəd elektron tədris vəsaiti ilə təmin edilib”, - deyən nazir bildirib ki, kitabxana işinə artan marağın nəticəsidir ki, təkcə 2020-2021-ci tədris ilində muxtar respublika məzunlarından 13-ü ali məktəblərin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisasına qəbul olunub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan 216 kitabxanada 84 kitabxana müdiri, 136 kitabxanaçı çalışır ki, onlardan da 49-u işə qəbul müsabiqələrində yüksək nəticə göstərərək işlə təmin olunub.

Bildirilib ki, məktəb kitabxanaları fəaliyyətini gücləndirməli, ənənəvi kitabxanaçılıq təcrübəsi ilə kifayətlənməməli, şagirdlərin kitabxanaya cəlbinə diqqəti artırmalı, onlarda mütaliə mədəniyyətinin formalaşmasına çalışmalı, oxuculara xidmət işini yüksəltməli, kitabların elektron kataloqunu yaratmalı, sənədləşmə işlərini mövcud təlimata uyğun aparmalıdırlar.

Həmçinin metodiki kabinetlər məktəb kitabxanalarına metodiki köməklik göstərməli, nümunəvi iş planları hazırlamalı, kitabxanaçılar  üçün davamlı kurslar təşkil etməli, qabaqcıl iş təcrübəsi öyrədilməli, kitabxanalarda şagird və müəllimlərin iştirakı ilə ədəbi -bədii tədbirlər, kitab müzakirələri, görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına həsr edilmiş müsabiqələr, poeziya gecələri, vətənpərvərlik mövzusunda söhbətlər və görüşlər, oxucu konfransları, inşa yazı müsabiqələri təşkil edilməli, şagird və müəllimlərin oxunması zəruri olan kitabları mütaliə etməsi istiqamətində iş aparılmalıdır.

Naxçıvan şəhər ümumtəhsil məktəblərində təcrübə keçən tələbələrin də iştirak etdiyi konfransda “Ümumtəhsil məktəbi kitabxanaçılarının xidməti  vəzifələri”, “Şagirdlərin təhsilinin və ümumi dünyagörüşünün inkişafında məktəb kitabxanasının rolu”, “Kitabxanaçının fəaliyyətinin əsasları”, “Kitabxana işinin təşkili” mövzularında çıxışlar dinlənilib. Konfransın  keçirilməsində məqsəd təhsil müəssisələrində kitabxanaların bu istiqamətdə fəaliyyətinin gücləndirilməsi, yaradılan əlverişli şəraitdən səmərəli istifadənin təşkili, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılmasıdır.

Qeyd edək ki, “Mütaliə aylığı” çərçivəsində Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın bütün ümumtəhsil məktəblərinin kitabxanaçıları üçün təlim-seminarlar da keçiriləcək.

İlk olaraq aprelin 14-dən kitabxanaçılar üçün 3 günlük təlimə start verilib. Ümumtəhsil məktəblərində kitabxana işinin düzgün təşkilinə kömək göstərmək, kitabxanaçıları müasir texnologiyalarla tanış etmək məqsədi daşıyan təlimdə iştirakçılara kitabxana işinin təşkili, idarə olunması, elektron kataloqun yaradılması və istifadə üsulları barədə məlumat veriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: