Tələbələr sənaye müəssisələri ilə tanış olublar - FOTOLAR

A- A A+

Sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması üçün 2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilib, bununla bağlı Tədbirlər Planı təsdiq olunub.  Bu münasibətlə  NDU-nun tələbələri Naxçıvan şəhərində yerləşən sənaye müəssisələri ilə tanış olublar.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan Avtomobil Zavodunda olan tələbələrə avtomobil sənayesində tətbiq edilən yüksək səviyyədə dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun müasir avtomobillərin istehsalı ilə bağlı məlumat verilib. Qeyd olunub ki, istehsal prosesində Almaniya, İtaliya və Belçikadan gətirilən texnoloji avadanlıqlardan istifadə edilir. Bildirilib ki, Çinin “FAW İndustrial Group” avtomobil istehsalçısı ilə bağlanan müqaviləyə əsasən zavodda hazırda FAW markalı avtomobillərin istehsalına başlanılıb.

“Ləzzət biskvit və şokolad fabriki” MMC ilə tanışlıq zamanı tələbələr  müəssisədə gedən ümumi iş prosesinin mahiyyəti, məhsulların istehsal mərhələləri haqqında mütəxəssislərdən ətraflı məlumat alıb, istehsalın gigiyenik qaydalara əməl olunmaqla aparılmasına şahidlik ediblər.

“Gəmiqaya sənaye kompleksi” MMC-də olan zaman tələbələrin diqqətinə çatdırılıb ki, sənaye kompleksi fərdi bir müəssisə kimi 2 dəzgahla dəmir polad istehsalına başlayıb, 2004-cü ildən “Gəmiqaya sənaye kompleksi”  MMC adı ilə bu sektorda xidmətlərini davam etdirir və 2010-cu ildən yeni metal qurğusundan istifadə edir.

“Plastmas kapsul və qapaq” MMC-də tələbələr 7500 kvadratmetr sahəni əhatə edən müəssisədə Kanada istehsalı olan  avtomatlaşdırılmış avadanlıqlarla yaxından tanış olublar. Bildirilib ki, gücü ildə 60 milyon kapsul, 80 milyon plastik qapaq olan istehsal xəttində 10 çeşiddə plastik kapsul və bir çeşiddə plastik qapaq istehsal olunur.

“Tudor logistika və sənaye mərkəzi” MMC ilə tanışlıq zamanı 3 istehsal sahəsini əhatə edən və Avropa standartlarına cavab verən, Türkiyə Respublikasının istehsalı olan avadanlıqlarla təchiz olunan müəssisə haqqında tələbələrə ətraflı məlumat verilib. Vurğulanıb ki, müəssisədə 1229 kvadratmetrlik bir ərazidə qənd istehsalı və şəkər tozu qablaşdırılması, 880 kvadratmetrlik bir ərazidə dənli və paxlalı bitkilərin qablaşdırılması, 1147 kvadratlıq ərazidə isə çay qablaşdırma sahəsi mövcuddur.                                                                             

                                                                          Məmmədbağır Dünyamalıyev

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: