Naxçıvanşünaslığa yeni bir töhfə

A- A A+

“İkinci Dünya müharibəsindən sonra Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı (1946-1969-cu illər)” monoqrafiyası haqqında qeydlər.

Müstəqilliyimizin yenidən bərpasından sonra ölkəmizdə bütün sahələrin hərtərəfli və yenidən inkişafı istiqamətində mühüm işlər görülüb. Bu gün də  yüksək templə davam etdirilən bu inkişaf təhsil və elm sahələrini də əhatə etməkdədir. Respublikamızda elmin inkişafı elm sahəsində çalışan ziyalılarımızın qarşısında duran mühüm vəzifədir. Naxçıvan Muxtar Respublikasında da elm və təhsil sahəsi dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunub, elmin müxtəlif sahələrində çalışan mütəxəssislərin yeni-yeni elmi nailiyyətlərə imza atması üçün imkan yaranıb.

Respublikamızda özünəməxsus yeri olan Naxçıvan Dövlət Universitetinin professor və müəllim heyəti də yaradılan şəraitdən səmərəli istifadə etməklə gənc nəslin həm düzgün tərbiyə edilməsi, həm də elmin sirlərinə əhatəli şəkildə yiyələnməsi üçün səylə çalışır. Ziyalılar pedaqoji fəaliyyətlə bərabər, daim axtarışda olmaqla elmi fəaliyyətlərini də uğurla davam etdirirlər.

Tarix elmləri doktoru, dosent Xəzər Hüseynovun “İkinci Dünya müharibəsindən sonra Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı (1946-1969-cu illər)” monoqrafiyası da elmi aktuallığı, tarixi faktlarla zənginliyi, xüsusilə arxiv materialları ilə seçilən bir tədqiqat əsəridir. Giriş, üç fəsil, on beş yarımfəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan monoqrafiyanın mühüm bir hissəsi İkinci Dünya müharibəsindən sonrakı dövrdə Naxçıvan Muxtar Respublikasında xalq təsərrüfatının inkişafı məsələləri, bəhs edilən dövrdə muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişaf problemləri, əldə etdiyi uğurlar, ayrı-ayrı dövrlərdə məruz qaldığı çətinliklər və başqa bu kimi məsələləri əhatə edir.

“Giriş”də Naxçıvanın iqtisadi və mədəni həyatının müəyyən edilmiş dövrünün nə dərəcədə öyrənildiyi, həmçinin Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının və mədəni həyatının bütün dövrlərinin hərtərfli və əsaslı şəkildə tədqiqata cəlb edilməsinin aktuallığı vurğulanır, Ümummilli lider Heydər Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun qiymətli fikirləri  yer alır.

İki yarımfəsildən ibarət olan “Naxçıvanın sənayesi (1946-1949-cu illər)” adlanan birinci fəsildə tədqiqatçı İkinci Dünya müharibəsindən sonrakı illərdə Naxçıvanda geridə qalmış sənaye sahələrinin yeni texniki avadanlıqlarla təchizatı, yeni sənaye müəssisələrinin, o cümlədən barama açan, tikiş, mebel, quşçuluq fabriklərinin, Badamlı və Sirab mineral su dolduran zavodlarının, tütün fermentasiya, konserv, avtomobil təmiri, elektrotexnika, aliminium qablar zavodlarının, ət və süd kombinatının və digər istehsal sahələrinin qurulması və fəaliyyətini  elmi tədqiqatına cəlb edərək qarşıya qoyulan məslələrin həlli istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Fəslin ikinci yarımfəslində yeni yaradılan sənaye müəssisələrinin, xüsusilə dağ-mədən sənayesinin qurulması, Naxçıvanın xammal ehtiyatlarından səmərəli istifadə ilə əlaqədar geoloji-kəşfiyyat işlərinin aparılması ilə bağlı  maraqlı məlumatlar Naxçıvan tarixinin tədqiqi ilə məşğul olan alimlər üçün lazımi materiallar əldə etmək imkanı yaradır. Həmçinin bu fəsildə yüngül və yeyinti sənayesi ilə bağlı məsələlər də əksini tapıb, Naxçıvanın pambıqçılıq təsərrüfatı, ipək emalı, tikiş sənayesi və başqa bu kimi sahələr  müəllif tərəfindən tədqiqata cəlb edilib.

“Naxçıvanın kənd təsərrüfatı İkinci Dünya müharibəsindən sonrakı dövrdə (1946-1969-cu illər)” adlanan ikinci fəsil yeddi yarımfəsillə əhatə olunub. Xəzər müəllim bu fəsildə müharibədən sonrakı vəziyyəti qələmə alaraq SSRİ Ali Sovetinin və həmçinin Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi 1946-1950-ci illəri əhatə edən dördüncü beşillik, həmçinin 1951-1955-ci illəri əhatə edən beşinci və sonrakı illəri əhatə edən altıncı, yeddinci, səkkizinci beşillik planlar əsasında kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində görülən işlərdən bəhs edib. Monoqrafiyanın bu hissəsində əkin sahələri üçün ayrılan ərazilər, onların məhsuldarlığının göstəriciləri faktlar əsasında təqdim edilib.  Əsərdə kolxozlarda heyvandarlığın inkişaf planı ilə bağlı qəbul edilən qərarlar, eləcə də müharibədən sonrakı illərdə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı məsələləri, o cümlədən əkin sahələrinin suvarılması işinin təmin edilməsi ilə əlaqədar yaradılan su anbarları, göllər, çəkilən kanallar, təhlükəsizlik bəndləri və bütün bunlar üçün ayrılan vəsaitlərlə bağlı məlumatlar təhlil edilir. Kənd təsərrüfatı sahəsində aparıcı rol oynayan taxılçılığın inkişafı, müharibədən sonrakı illərdə məhsuldarlığın 2 dəfədən çox artırılmasına nail olunması ilə bağlı zəhmətkeşlər qarşısında qoyulan əsas tələblər, dənli və dənli-paxlalı bitkilərin əkin sahələrinin min hektarlarla genişləndirilməsi və s. məsələlər də monoqrafiyanın ikinci fəslində işıqlandırılıb. Pambıqçılıq, tütünçülük, bağçılıq, heyvandarlıq, quşçuluq və bu kimi təsərrüfat sahələrinin yeni bazalarının yaradılması, əldə edilmiş məhsuldarlığın xüsusi cədvəllərlə təqdim edilməsi tədqiqat əsərində müəllifin qarşıya qoyduğu məqsədlərə nail olmaq uğrundakı fəaliyyətinin səmərəliliyini göstərir.

“Naxçıvan Muxtar Respublikasında xalq təsərrüfatının və mədəniyyətin inkişafı (1946-1949-cu illər)” adlı üçüncü fəsildə muxtar respublikanın xalq təsərrüfatının vəziyyətini 1946-1970-ci illər ərzində nəşr olunmuş “Şərq qapısı” qəzetinin müxtəlif saylarında və bu dövrlə bağlı göstərilən digər mənbələrdəki faktlar əsasında təhlil edilib, çatışmazlıqlar və zəhmətkeşlərin əməyinin qiymətləndirilməsi diqqətə çatdırılıb. Bu fəsildə, həmçinin muxtar respublika əhalisinin gəlirlərinin artması, ticarət və ictimai iaşə ilə bağlı məsələlər də geniş şərh olunub. 

Tədqiqat əsərinin üçüncü fəslinin dördüncü yarımfəslində müharibədən sonrakı 23 illik tarixi dövrdə təhsilin vəziyyəti, ümumtəhsil məktəblərinin şəbəkəsinin genişlənməsi, onların quruluşundakı dəyişikliklər barədə maraqlı faktlar var. Müəllim kadrlarının hazırlanması işi ilə məşğul olan təhsil müəssisələrinin fəaliyyəti, əldə edilmiş nailiyyətlər barədə məlumatlar bu yarımfəsildə geniş işıqlandırılır. Üçüncü fəslin digər yarımfəsillərində müharibənin çətinliklərindən sonrakı dinc quruculuq illərində səhiyyə və mədəni - maarif  işinin təşkili ilə bağlı məsələlər haqqında maraqlı faktlar yer alır.

Monoqrafiyanın “Nəticə” hissəsində müəllif 1946-1969-cu illər Naxçıvanın sosial-iqtisadi və mədəni inkişaf tarixi ilə bağlı araşdırmalarını ümumiləşdirərək belə bir nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikasında araşdırılan dövr ərzində irəliləyişlərə nail olunmasına baxmayaraq sovet rəhbərliyinin ögey münasibəti çərçivəsində iqtisadiyyatda mənfi meyllər özünü açıq-aşkar göstərib. Eməni siyasəti bu dövrdə də öz məkrini gizlətməyib və Naxçıvanın iqtisadi inkişafına əngəl törədib.

Naxçıvanşünaslıq üçün əhəmiyyətli bir tədqiqat əsəri ərsəyə gətirən tarix elmləri doktoru, dosent Xəzər Hüseynova bundan sonrakı elmi və pedaqoji fəaliyyətində də  uğurlar arzulayırıq.

Qadir Əkbərov

Naxçıvan Dövlət Universitetinin “Azərbaycan tarixi”

kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: