Tarixi abidələrimiz qorunur və təbliğ edilir - FOTOLAR
Hər bir xalqın mədəniyyətinin formalaşmasında onun keçdiyi tarixi yolun böyük önəmi vardır. Bir xalqın tarixi nə qədər zəngindirsə, mədəniyyəti də bir o qədər zəngin və maraqlıdır.
Əcdadlarımızın ölməz dühası ilə ayrı-ayrı dövrlərdə yaradılan memarlıq inciləri, sənət əsərləri nəinki şimallı-cənublu doğma diyarımızın ümumiyyətlə, Yaxın və Orta Şərq ölkələri memarlığının formalaşması prosesində fəal rol oynayıb.
Xalqın qədimliyini, zəngin tarixini, mədəniyyətini əyani şəkildə nümayiş etdirən maddi-mədəni abidələrdir. Məhz buna görə əsrlərdən bəri bizə gəlib çatmış mədəni irsimizi qorumaq, inkişaf və təbliğ etmək, dünya miqyasında tanıtmaq naminə dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilir.
Tarixi-memarlıq abidələri Naxçıvanın gözəlliyini vurğulayan bənzərsiz sənət inciləridir, onların möhtəşəmliyi, memarlıq formaları insanları özünə cəlb edib. Abidələrimizin səsi sorağı uzaq ellərə də yayılaraq əcnəbi vətəndaşların da diqqətini çəkib. Bu diyarda qonaq olanlar abidələrin gözəlliklərindən ilham alıb, onlar haqqında yazılar yazmış, rəsmlər çəkiblər. Həmin rəsmlər tarixi mənbə rolunu oynayaraq Naxçıvanın o dövürki ab-havasını, memarlıq xüsusiyyətlərini bizə olduğu kimi çatdırır. Sevindirici haldır ki, bu gün Naxçıvan MR-da tarixi abidələrimizin tanıdılmasında rəssamlarımızın, xalçaçılarımızın və digər sənət adamlarının da böyük əməyi vardır.
Naxçıvan abidələri bir çox rəssamların əsərlərində vəsf olunub. Rəssam Bəhruz Kəngərlinin “Möminə-Xatın”, “Atabəylər türbəsi”, “Nuhun qəbri”, “Türbə”, “İmamzadə türbəsi” və onlarla digər əsərlərində memarlıq abidələrini təsvir etməklə sadəcə rəsm əsəri yaratmayıb eyni zamanda bir xalqın tarixini, mədəniyyətini, memarlıq əsərlərini də vəsf edib. Bəhruz Kəngərlinin Naxçıvan memarlıq abidələrinə həsr etdiyi əsərlər arasında “Nuhun türbəsi” rəsmi orjinallığı ilə əhəmiyyətlidir. Rəssam Həmzə Sadıqovun “Qədim abidələr”, xalçaçı rəssam Qədirulla Bağırovun istər xalçaçılıq sənətində, istər rəssamlıqda istərsə də ağac üzərində oyma üsulu ilə sevə-sevə yaratdığı əsərlərində Naxçıvan abidələri ilk baxışda tamaşaçıya xoş ovqat bəxş edir.
Sənət adamları tərəfindən Naxçıvan tarixi-memarlıq, o cümlədən təbiət abidələrinə həsr etdikləri silsilə əsərləri vətəndaş mövqeyinin, böyük vətənpərvərlik duyğularının bu qədim yurda, onun zənginliklərinə, ulu tarixinə bəslədiyi sevginin təzahürüdür.
Daşınmaz tarix və mədəniyyət abidələrindən istifadənin ən optimal variantı onların nəzdində muzeylərin təşkili, başqa sözlə deyilsə muzeyləşdirmədir. Bu proses abidənin tədqiqi, bərpası, konservasiyası və tanıdılmasını həyata keçirir. Muzey terminləri lüğətində muzeyləşdirməyə “Tarixi-mədəni, yaxud təbiət obyektlərinin maksimal şəkildə saxlanılması və onların tarixi-mədəni, bədii dəyərinin üzə çıxarılması məqsədilə muzey nümayişi şəklinə salınması ilə nəticələnən muzey fəaliyyəti istiqaməti kimi tərif verilir”. Bu istilahı ilk dəfə elmi dövriyəyə gətirən rusiyalı muzeyşünas T.İ.Şmit olub. Lakin bu istilah öz təsdiqini ilk dəfə II Dünya müharibəsindən sonra tarixi-mədəni irsin bərpası və muzey qoruqlarının təşkili ilə əlaqədar ölkədə başlanan genişmiqyaslı tədbirlər prosesində, məhz sovet muzeyşünaslığında tapdı. Bu dövrdə muzeyləşdirmənin iki forması qəbul edildi ki, bunlardan birincisinə hər hansı bir daşınmaz abidədən (xüsusilə memarlıq abidəsindən) muzey kimi istifadə (yəni bundan ekspozisiyaların, sərgilərin, fondların və muzeyin digər fəaliyyət istiqamətlərinin təşkili kimi istifadə edilməsi) aid edildi ki, buna memarlıqda “Uyğunlaşdırılma” deyilir, ikincisi isə, daşınmaz abidənin özünün müstəqil muzey obyekti şəklinə salınmasıdır. Muzey kimi tanıdığımız ənənəvi obyektlərdən əlavə memarlıq, şəhərsalma, arxeoloji və etnoqrafik zonalar, monumental heykəltaraşlıq obyektlərinin muzeyləşdirilməsinə beynəlxalq muzeylər təşkilatının 1957-ci il qərarından sonra start verildi. Muzey təcrübəsində belə bir modelin yaradılmasında əsas məqsəd kütlələrin xalq memarlığı, məişət, bədii sənət, peşə və etnoqrafik nümunələri ilə tanışlığına əlverişli şəkildə kömək etmək idi. Naxçıvan MR-da memarlıq abidəsi kimi tanınan tarixi tikililərin bir çoxu məhz muzey məqsədlərinə uyğunlaşdırılaraq fəaliyyət göstərməkdədir. Möminə-Xatın məqbərəsində, Nuh peyğəmbərin məzarüstü türbəsində, Qarabağlar türbəsində XVII əsr abidəsi olan Qeysəriyyə binasında, Əlincəqalada, Naxçıvanqalada ekspozisiyalar yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 iyun 2013-cü il tarixdə imzaladığı “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” Sərəncam tarix və mədəniyyət abidələrimizin qorunmaya alınması və təbliğində mühüm bir addımdır. Bu muzeydə respublika ərazisində aşkarlanan tarixi əşyalar xronoloji ardıcıllıqla düzülüb.
Muzeydə eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyimlər nümayiş etdirilir. Burada həmçinin xalça və XIX əsrə aid milli geyimlər də nümayiş olunur.
Qalanın mərkəzində muzeyin açılması çox sevindirici haldır çünki, muzeyə gələnlər ekspozisiya vasitəsilə bizim şanlı tariximizi bilməlidirlər. Çünki bu tarix qəhrəmanlıqlarla doludur. Belə abidələrin bərpası, qorunması və eyni zamanda muzeyin içərisində ekspozisiyanın yaradılması gələcək nəsillərə Azərbaycanın qədim tarixinin çatdırılması, eyni zamanda Naxçıvana turistlərin marağının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2006-cı il 28 iyun tarixli “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” Sərəncamı tarixi abidələrə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Abidənin içərisində xronoloji ardıcıllıqla ekspozisiya qurulub. Naxçıvanın qədim tarixə malik olmasını sübut edən dəlillər Nuh peyğəmbərin məzarüstü türbəsində tarixi və elmi faktlarla ekspozisiyada öz əksini tapıb.
Ekspozisiyada “Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan” (25 aprel 2009-cu il) mövzusunda beynəlxalq simpoziumdan fotoşəkillər, “Nuh peyğəmbər: dünya tufanı və Naxçıvan” adlı yüksək səviyyədə nəşr olunmuş kitab, Gəmiqaya abidəsindən çəkilmiş müxtəlif fotolar, abidənin bərpası zamanı torpaq altından çıxmış üzərində kaşısı olan daş, abidənin bərpası zamanı çəkilən fotosu, müxtəlif sənədlər və fotolar nümayiş etdirilir. Nuh peyğəmbərin məzarüstü türbəsində yaradılan ekspozisiyaya vasitəsilə Naxçıvanın həqiqətən 5 minillik tarixi olduğunu öyrənmək olar.
Qeysəriyyə Ordubad şəhərində XVII əsrə aid tarixi memarlıq abidəsidir. 1990-cı ilin may ayından Ordubad rayon Tarix-Diyarşünaslıq muzeyi XVII əsr abidəsi olan “Qeysəriyyə” binasında yerləşir. “Qeysəriyyə” sözünün mənası keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü Şərq bazarı deməkdir. Muzeydə 4000-ə yaxın eksponat nümayiş etdirilir. Təşkil olunan 15 guşədə Ordubadın ən qədim zamanlardan başlayaraq müasir dövrümüzədək tarix və mədəniyyəti əks olunub. Burada xalq sənətkarlarının əsərləri, milli geyim və bədii tikmələr, arxeoloji qazıntılar zamanı tapılan əşyalar, dekorativ tətbiqi sənət nümunələri, ağacişləmə, zərgərlik, misgərlik, dulusçuluq, məmulatları, fotoşəkillər, sənədlər və başqa qiymətli eksponatlar nümayiş etdirilir.
“Xan Sarayı” Naxçıvan şəhərində yerləşir. XVIII əsrə aid tarixi-memarlıq abidəsidir. Şərq memarlıq üslubunda tikilmiş abidə XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olub.
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 23 oktyabr 2010-cu il tarixli Sərəncamına əsasən yaradılıb.
Naxçıvan xanlığının tarixində, milli-dövlətçilik tariximizdə mühüm rola malik olan böyük nüfuz sahibləri olmuş xanlığın əsilzadə nümayəndələri, bölgənin inkişafında, müdafiəsinin gücləndirilməsində, inzibati idarəçiliyin formalaşmasında mühüm işlər görərək tarixə düşüblər. Milli tariximizin bu səhifələrinin öyrənilməsi baxımından muzey böyük əhəmiyyətə malikdir.
Muzeydə XVIII əsrin axırlarından XX əsrin əvvəllərinə olan dövrü əhatə edən bir çox mənbələr, o cümlədən Naxçıvan xanlığının xəritəsi, Abbasabad qalasının sxemi, Naxçıvan xanlığına aid fotoşəkillər, sənədlər, yazılı mənbələr, yerli və xarici tədqiqatçıların nəşr etdirdikləri elmi-tədqiqat kitabları, həmçinin xanlıqlar dövrünə aid silah-sursat nümunələri gümüş kəmərlər, məişət etnoqrafiya əşyaları, dekorativ sənət nümunələri nümayiş etdirilir.
Möminə Xatun məqbərəsi 1175-ci ildə tikilməyə başlamış, 1186-cı ildə başa çatdırılmışdır. Bu qeyri-adi sənət əsərinin tikintisində bədiiliyin, ornament motivi ilə Şərq incəsənətinin güclü məntiqi verilmişdir ki, bu da memarın fəlsəfi düşüncələrinin təzahürü idi. Bu, sadəcə türbə deyil, Eldəniz Atabəy Cahan Pəhləvanın anasının dəfn olunduğu məqbərə idi. 26 metr hündürlüyə yüksələn bu abidə Əcəmi düşüncələrinin ən yüksək zirvəsidir. Bu yüksəklik Əcəmiyə dövrünün ən böyük titulunu “Şeyxül mühəndis” adını qazandırıb.
Möminə Xatun türbəsi tam mənada memarlıq sənətinin şah əsəri, orta əsr memarlıq tarixinin yüksək zirvələrindən biri olduğu üçün tarixçilərin və sənətşünasların diqqətini özünə cəlb edib, memarlıq və incəsənət tarixinə aid ümumi əsərlərdə və monoqrafik tədqiqatların səhifələrində şərəfli yer tutub.
Məqbərənin içərisində Atabəylər dövlətinin fəaliyyətini, Əcəminin yaradıcılığını nümayiş etdirmək üçün ekspozisiya müvafiq plan əsasında qurulub. Ekspozisiyada Azərbaycan Atabəylərinin nəsil şəcərəsi, Atabəylər dövlətinin sahib olduğu ərazilərin xəritəsi, Əcəminin yaratdığı sənət incilərinin fotoşəkilləri, rəssam Rəfael Qədimovun yağlı boya ilə işlədiyi Şəmsəddin Eldənizin, Möminə Xatunun, Əcəminin portretləri, müxtəlif sənədlər və başqa materiallar hər bir ziyarətçinin marağına səbəb olur. Bu məqbərəyə daxil olarkən sanki adama elə gəlir ki, XII əsrə səyahət edirsən.
1999-cu il türbəni ziyarət edən Ulu Öndər Heydər Əliyev Atabəylər dövləti və məqbərə haqqında bu fikirləri söyləyib: “Hesab edirəm ki, bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir”.
Tarix və mədəniyyət abidələrinin tanıdılması istiqamətində təbliğat işinin böyük əhəmiyyəti vardır. Abidələrimizin tədqiq olunması və mədəniyyətimizin beynəlxalq miqyasda təbliği istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. “Uluslararası qaynaqlarda Naxçıvan”, “Nuh peyğəmbər: dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və duzdağ” mövzularında beynəlxalq simpoziumların keçirilməsi bu mənada mühüm əhəmiyyət daşıyır.
Müasir dövrdə tarix və mədəniyyət abidələrinin tanıdılmasında turizm aktual əhəmiyyət kəsb edir. Qeyd edək ki, tarix və mədəniyyət abidələri tarixin bütün dövrlərində turizmin əsas infrastrukturlarından biri olub. Bu abidələrin tanıdılmasında turizm ən optimal vasitələrdən biri kimi öz yerini tutur. Məlumdur ki, abidələrdən istifadə edilməsi turizm cəlbediciliyinə, mədəni irsin müdafiəsi, qorunması və tanıdılmasına kömək edir. Turistlər tarix və mədəniyyət abidələrində olarkən təkcə ərazidəki tarixi-mədəni potensial haqqındakı biliklərin olmasını deyil, həm də biliklərin informasiya məkanına cəlbini tələb edir. Abidələrin tanıdılması istiqamətində media materiallarının müxtəlif formalarını göstərmək olar. Belə ki, kütləvi informasiya vasitələrində və internetdə abidələrin üzə çıxarılması, mühafizəsilə bağlı məqalələrin nəşri, abidələrin mühafizəsi ilə bağlı dərinləşdirilmiş analitik təhlili, materialların çapı, abidələrin bərpası, konservasiyası ilə məşğul olan insanlar (xeyriyyəçilər, investorlar, ictimaiyyət, bərpaçılar və s) haqqında məqalələrin, kitabların nəşri daha maraqlıdır.
Tarixi abidələrimizin öyrənilməsi sahəsində Naxçıvan MR Ali Məclisi Sədrinin 2005-ci il 6 dekabr tarixli “Naxçıvan MR-dakı tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” imzaladığı Sərəncam da xüsusi rol oynayır. Həmin tarixi sərəncamdan sonra çap edilən “Naxçıvan abidələri ensikloepdiyası”, “Naxçıvan MR ərazisindəki dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri”, “Naxçıvanın tarixi atlası”, “Nuh peyğəmbər: dünya tufanı və Naxçıvan”, “Naxçıvanda arxeoloji tədqiqatlar” kitabları muxtar respublikada abidələrin öyrənilməsi və tanıdılmasında çox mühüm rol oynayır. Bu kitablarla yanaşı hər bir abidələrimiz haqqında rəngli və müxtəlif dillərdə nəşr olunmuş bukletlərimiz, açıqcalar, albomlar da abidələrin tanıdılmasında böyük əhəmiyyət daşıyır.
Zenfira Seyidova
Naxçıvan Dövlət Universitetinin müəllimi