Akademiyada abidələrin tədqiqi tarixi müzakirə edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasında abidələrin tədqiqi tarixi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev muxtar respublikada mədəni irsin qorunması istiqamətində görülən işlərdən danışıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, sərəncamla muxtar respublika ərazisindəki 1200-dən artıq abidə pasportlaşdırılıb, 70-dən artıq tarix və mədəniyyət abidəsi bərpa olunub.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “Qədim dövr tariximizin öyrənilməsində Naxçıvan abidələrinin əhəmiyyəti” mövzusunda məruzə edib. Məruzədə muxtar respublika ərazisindəki tarixi abidələrin yerləşmə arealı, qədim tariximizi özündə əks etdirən abidələrdə aparılan arxeoloji ekspedisiyalardan bəhs olunub. Bildirilib ki, son illər aparılan beynəlxalq və ölkə səviyyəli arxeoloji ekspedisiyalar nəticəsində çoxsaylı materiallar aşkar olunub, yeni tapıntılar sayəsində həmin abidələrin daha qədim dövrlərə məxsusluğu sübuta yetirilib. Həmçinin bu materiallar sayəsində Naxçıvanın Yaxın Şərqlə iqtisadi, mədəni əlaqələrinin mahiyyəti öyrənilib, mühüm mədəniyyət mərkəzləri ilə bağlılığı tədqiq olunub.
Məruzəçi Qazma, Kilid, Daşqala mağaraları, Kültəpə, Ovçular təpəsi, Xələc, Maxta, Sədərək, Zirincli abidələri, Oğlanqala, Plovdağ yaşayış yerində aparılan arxeoloji qazıntılar barədə məlumat verib. Vurğulayıb ki, Plovdağda aşkar edilmiş Erkən Tunc dövrünün yaşayış və təsərrüfat tikililəri, Oğlanqaladan əldə olunmuş saray qalıqları, sütun altlıqları Naxçıvanın zəngin tarixindən xəbər verir. Ovçular təpəsi, I Maxta Kültəpəsi, Xələc abidələrindən tapılmış keramika nümunəsi Naxçıvanda Kür-Araz mədəniyyətinin formalaşması tarixinin qədim olduğunu sübuta yetirir.
Toğrul Xəlilov bildirib ki, arxeoloji ekspedisiyalar zamanı əldə olunan elmi nəticələr monoqrafiyalarda, kitablarda, elmi və publisistik məqalələrdə əksini tapmaqla yanaşı, tədqiqatçıların iştirak etdikləri müxtəlif konfrans və simpoziumlar vasitəsilə dünya elmi ictimaiyyətinə təqdim olunur.
Sonra mövzu ətrafında müzakirə aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hafizə Əliyeva