Pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrlə görüş olub - FOTOLAR
“Sabahın müəllimi” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin pedaqoji profilli ixtisaslarının sonuncu kursunda təhsil alan təcrübəçi tələbələrlə görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Texniki Kollecdə keçirilən görüşdə təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilin bütün sahələrinin dövlət qayğısı ilə əhatə olunduğunu, müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında peşəsini sevən kifayət qədər peşəkar müəllim formalaşıb, pedaqoji fəaliyyətə maraq artıb. 2018-ci ildən başlayaraq müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə aparılması, 2020-ci ildən isə müəllimlərin sertifikasiyaya cəlb olunması onların bilik və bacarıqlarının inkişafı üçün bir stimul olub.
Hamilik çərçivəsində aparılan məqsədyönlü işlərin əhəmiyyətinə də toxunan nazir bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci 25 iyun tarixli Sərəncamı ilə 32 pedaqoji profilli ixtisas Təhsil Nazirliyinə hamiliyə verilib. Bu sahədə aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, artıq tələbələr univeristet dövründə ixtisaslı kadr kimi formalaşırlar.
Universitetləri bitirən tələbələrin iş təminatından da danışan Rəhman Məmmədov qeyd edib ki, 2018-ci ildən müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə 700-ə yaxın müəllim işlə təmin olunub.
Tədbirdə nazirliyin əməkdaşları “Təhsil müəssisələrinə işə qəbul qaydaları”, “Stimullaşdırıcı tədbirlər və sertifikasiya qaydaları”, "Müəllimlərin etik davranış qaydaları” mövzularında təcrübəçi tələbələrə geniş məlumat veriblər.
Babək rayon Araz kənd ümumi orta məktəbinin tarix müəllimi muxtar respublikada müəllim peşəsinə göstərilən dövlət qayğısından danışıb.
Naxçıvan Müəllimlər İnstitutunun Tədris və Tərbiyə İşləri üzrə prorektoru Çapay Quliyev muxtar respublikada hamilik çərçivəsində həyata keçirilən tədbirlərin tələbələrin gələcəyin mütəxəssisi kimi yetişməsində mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Görüşdə tələbələri maraqlandıran suallar da ətraflı cavablandırılıb.
Qeyd edək ki, görüşdən sonra tələbələr üçün STEAM Tədris Mərkəzində seminar keçirilib, Heydər Əliyev Yaradıcılıq Mərkəzindəki innovativ dərnəklərə ekskursiya təşkil olunub.