“Hüseyn Cavid və folklor” kitabı təqdim edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA Naxçıvan Bölməsində “Hüseyn Cavid və folklor” kitabının təqdimatı keçirilib.
Bu münasibətlə keçirilən tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edib. Bildirib ki, filologiya üzrə fəlsəfə doktoru, dosent Çinarə Rzayevanın “Hüseyn Cavid və folklor” monoqrafiyası 2017-ci ildə nəşr olunan kitabın 2-ci hissəsidir. Monoqrafiyada romantik ədibimiz Hüseyn Cavidin yaradıcılığının folklor qaynaqları təhlil süzgəcindən keçirilir, müvafiq təhlillər aparılır. Kitabda xalq dastanlarının Hüseyn Cavid yaradıcılığına təsiri, əsərlərində milli inam və inancların bədii təqdimatı, and və alqışların obrazların nitqində yer alması əhatəli tədqiqata cəlb olunub.
İsmayıl Hacıyev qeyd edib ki, tədqiqatçının dili aydın və mühakiməlidir. Əsər Hüseyn Cavid yaradıcılığı üzrə, o cümlədən folklor sahəsində araşdırmalar aparan magistr, doktorant və tədqiqatçılar, eyni zamanda geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Hüseyn Cavid əsərlərinə yazıçı və folklor əlaqələri kontekstində növbəti baxış” mövzusunda çıxış edib. Bildirib ki, Çinarə Rzayevanın bu əsəri şifahi xalq ədəbiyyatının “Folklor və yazılı ədəbiyyat” bölməsinə yeni töhfədir. Kitabda dastanlar, kiçik janrlardan olan inanclar, andlar, o cümlədən, islami düşüncəni əks etdirən xalq yanaşması ilə bağlı məqamların təzahüründən bəhs olunur.
İnstitutun Folklor şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərova Çinarə Rzayevanın sayca beşinci kitabı olan monoqrafiyanı həm aktual, həm də əhəmiyyətli mənbə kimi dəyərləndirib.
Kitabın müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent Çinarə Rzayeva göstərilən diqqətə görə minnətdarlıq edib.
Adilə Səfərova