AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbiri AMEA-nın vitse-prezidenti, Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədri akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb. Xalqımızın mədəniyyətinə, ədəbiyyatına dövlət səviyyəsində göstərilən diqqət və qayğını vurğulayan alim ölkə rəhbərinin fərman və sərəncamlarının icrası və qarşıda duran vəzifələr barədə məlumat verib.
İsa Həbibbəyli Prezident İlham Əliyevin “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” 2022-ci il 14 mart tarixli Sərəncamının icrası ilə bağlı bölmənin elmi-tədqiqat müəssisələrinin təklifləri nəzərə alınmaqla hazırlanmış tədbirlər planını iclas iştirakçılarının diqqətinə çatdırıb. Akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən Şuşa şəhərində Xurşidbanu Natəvanın 190 illik yubileyi ilə bağlı elmi konfransın keçirildiyini və iyunun 14-də Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Xan qızı Natəvan və Azərbaycan qadınının ədəbi-mədəni mübarizələri” mövzusunda beynəlxalq konfransın keçirilməsi ilə bağlı hazırlıq işlərinin görüldüyünü bildirib. O, Azərbaycan ədəbiyyatı tarixində layiqli yer tutan və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərən Xurşidbanu Natəvanın 190 illiyinin layiqincə qeyd edilməsi məqsədilə Dilçilik, Əlyazmalar, Folklor institutlarında tədbirlərin keçirilməsi, “Sənətkarın elmi pasportu” seriyasından “Xurşidbanu Natəvan. Həyatı və yaradıcılığı” (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu) monoqrafiyasının nəşrə hazırlanmasına dair Humanitar Elmlər Bölməsinin müəssisələrinə tapşırıqlar verildiyini qeyd edib.
İsa Həbibbəyli Prezidentin “Fikrət Əmirovun anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2022-ci il 15 mart tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb, bununla bağlı elmi sessiyanın keçirilməsinə dair Memarlıq və İncəsənət İnstitutuna tövsiyələrini verib.
İclasda Memarlıq və İncəsənət İnstitutunun Azərbaycan xalq musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiri professor İradə Köçərlinin “Şərq simfonizminin banisi – bəstəkar Fikrət Əmirov” mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə Azərbaycan ədəbiyyatının və incəsənətinin inkişafında xüsusi xidmətləri olan görkəmli şəxslərin qarşıdan gələn yubileyləri ilə bağlı məsələlər müzakirə olunub. Akademik Zemfira Səfərovanın 85 illiyinin və Xalq artisti Firəngiz Əlizadənin 75 illik yubileyinin keçirilməsi haqqında AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb.
Sonda bölmənin elmi müəssisələrinin rəhbərləri və iclas iştirakçılarının rəy və təklifləri dinlənilib.