Tələbələrin elmi-tədqiqat işlərinin başlanğıc konfransı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində 2021-2022-ci tədris ilində Tələbə Elmi Cəmiyyətinin xətti ilə aparılmış elmi-tədqiqat işlərinin başlanğıc konfransı keçirilib.

Universitetin Elm və İnnovasiyalar Bölməsinin baş elmi işçisi Türkan Quliyevanın fərdi rəsm sərgisinə baxış keçirildikdən sonra universitetin rektoru Elbrus İsayev konfransı açıq elan edib.

Ali təhsil ocağında tələbələr üçün yaradılan şəraitdən danışan rektor Tələbə Elmi Cəmiyyəti üzvlərinin fəallığını, tələbələrin elmi işlərə həvəslə qoşulmasını yüksək qiymətləndirib. Qeyd edilib ki, ixtisaslı kadrların yetişməsində nəzəri biliklərin vacibliyi ilə yanaşı, aparılan təcrübələr, həyata keçirilən elmi-tədqiqat işləri əsas diqqət mərkəzində olan məsələlərdəndir. Rektor elmi-tədqiqat və startap layihələrinin mühüm elmi nəticələrinin tətbiqindən danışaraq qeyd edib ki, Texnoparkın yaradılması eyni zamanda muxtar respublikada təhsil sahəsində həyata keçirilən islahatların məntiqi davamıdır.  Texnoparkın tələbələrə yeni layihələrin həyata keçirilməsi və tətbiqində daha fəal iştirakı baxımından əhəmiyyətindən danışan Elbrus İsayev konfransın işinə uğurlar arzulayıb.

“Təhsilalanların elmi-tədqiqat fəaliyyətlərinin planlanması” mövzusunda universitetin  Elm və İnnovasiyalar bölməsinin müdiri, təhsilin idarə olunması, təftişi, planlanması və iqtisadiyyatı üzrə fəlsəfə doktoru Rza Məmmədov qeyd edib ki, Tələbə Elmi Cəmiyyətinin prioritet məqsədlərindən biri tələbələrdə elmə marağın artırılması, araşdırma bacarıqlarının formalaşdırılmasıdır.

Tələbə Elmi Cəmiyyətinin sədri, Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə II kurs magistrant Təbrizə Bağırova 2021-2022-ci tədris ilində Tələbə Elmi Cəmiyyəti xətti ilə yerinə yetirilən işlərin vəziyyəti və cəmiyyətin hədəfləri barədə məlumat verib. Qeyd olunub ki, cari tədris ilindən etibarən ixtisasından asılı olmayaraq, tələbələr elm sahələrinə görə elmi-tədqiqat mövzusu seçə bilərlər. Artıq 677 tələbə bu tədris ilində 414 müəllimin rəhbərliyi ilə elmi-tədqiqat işlərini yekunlaşdırıb. Bundan əlavə Tələbə Elmi Cəmiyyəti 3062 tələbəni əhatə etməklə 37 tədbir, 1 düşərgə, 1 elm olimpiadası, 1 konsert proqramı, 2 konfrans, 12 təlim, 2 ekskursiya və 4 dəyirmi masa təşkil edib.

Sonda Rəngkarlıq ixtisası üzrə I kurs tələbəsi Aidə İbrahimova və Biologiya müəllimliyi ixtisası üzrə II kurs tələbəsi, məqaləsi Rusiyanın Penza şəhərində dərc olunan Aydan Məhərrəmlinin çıxışları dinlənilib.

Məmmədbağır Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: