Müəllimlər STEAM və Robotexnika təlimlərini uğurla başa vurublar - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən STEAM və Robotexnika təhsili üzrə təlimləri uğurla başa vuran müəllimlərə sertifikatlar verilib.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu münasibətlə Heydər Əliyev adına tam orta məktəbin STEAM Tədris Mərkəzində keçirilən tədbirdə təhsil naziri Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikasında uğurla tətbiq edilən STEAM layihəsinin məqsədindən söz açıb.
Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 7 iyun 2021-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində “STEAM Təlim-Tədris Mərkəzi” yaradılır, məktəblərdə STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Hazırda Muxtar respublikanın 106 təhsil müəssisəsində STEAM kabinəsi mövcuddur, əlavə olaraq STEAM kabinələrinin 50 ümumtəhsil məktəbində yaradılması istiqamətində işlər görülür, “STEAM təhsil festivalı”nın keçirilməsi ilə bağlı hazırlıq aparılır.
"Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzinin imkanlarından yararlanaraq bu günədək 220-si bu mərkəzdə, 150-si isə onlayn qaydada olmaqla 369 müəllim təlimlərdən yararlanıb",- deyən təhsil naziri təlimləri uğurla başa vuran müəllimləri təbrik edib, STEAM Tədris Mərkəzində təlimlərin bundan sonra da davam etdirilməsi ilə bağlı tapşırıqlar verib.
Sonda STEAM təhsil metodu üzrə təşkil olunan təlimi uğurla başa vuran müəllimlərə sertifikatlar təqdim olunub.
Tədbirdə həmçinin, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən "SAF 2021" Festivalında iştirak etmiş və Azərbaycan üzrə 3-cü yerin qalibi olan müəllim və şagirdlərə də sertifikatlar verilib.