Yazıçılarla şagirdlərin görüşü olub - FOTOLAR
Muxtar respublika ümumtəhsil məktəblərində “Mütaliə aylığı” çərçivəsində keçirilən tədbirlər davam etdirilir. Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Naxçıvan Dövlət Texniki Kollecində muxtar respublika yazıçıları ilə şagirdlərin görüşü təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbirdə çıxış edən təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikamızda kitabxana şəbəkələrinin, kitab fondunun zənginləşdirilməsi diqqətdə saxlanılır. Bunun nəticəsidir ki, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyat ümumtəhsil məktəblərinə verilib.
Qeyd edib ki, artıq üçüncü ildir Təhsil Nazirliyi tərəfindən şagirdlərin formalaşmasında, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin rolu nəzərə alınaraq aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilir. Ay ərzində silsilə tədbirlər - kitab müzakirələri, dram, inşa, şeir müsabiqələri kitab bağışlama aksiyaları, görkəmli ədiblərin muzeylərindən interaktiv dərslər təşkil edilir.
Bugünkü görüş də yaradıcı şagirdlərin üzə çıxarılmasına öz töhfəsini verəcəkdir.
Muxtar respublikamızda elmə, ədəbiyyata verilən dəyərdən danışan Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikanın şair və yazıçılarının əsərlərinin çap olunmasına və kitablarının nəşr olunmasına böyük dəstək göstərir. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin 10-a yaxını gənc olmaqla 70 üzvü vardır ki, onlardan da bir neçəsi fəxri ada və Prezident mükafatına layiq görülüblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvləri də iştirak ediblər.
Şərur rayon Aralıq kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Sabrina Mədətova təhsil üçün yaradılan şəraitə və yaradıcılıq yolunda ona dəstək olanlara minnətdarlığını bildirib.
Tədbirin sonunda yazıçılar imzalı kitablarını şagirdlərə hədiyyə ediblər.