Göygöl rayonunda keçirilən və Azərbaycanın 24 bölgəsindən 250-dən çox idmançının iştirak etdiyi yüngül atletikanın kross qaçış növü üzrə keçirilən yarışda Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının 4 idmançısı da mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, idmançılarımız ölkə birinciliyində uğurlu nəticə əldə edərək muxtar respublikaya 3 medalla qayıdıblar. Belə ki, 2000 metr məsafədə Aysu Abbasova bütün rəqiblərini qabaqlayaraq Azərbaycan çempionu adına layiq görülüb. Digər qız idmançımız Zeynəb Babayeva isə 1000 metr məsafədə finiş xəttini üçüncü tamamlayıb. 6 kilometr məsafədə Miryusif Seyidov da bürünc medal qazanıb. Əmrah Nağıyev isə 10 kilometr məsafəni 4-cü yerdə başa vurub.
Uğur qazanan idmançılar və onların məşqçiləri ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində keçirilən görüşdə təhsil naziri, Atletika Federasiyasının sədri Rəhman Məmmədov qazandıqları uğura görə idmançıları təbrik edib. Nazir bildirib ki, 2019-cu ildən etibarən yüngül atletika, ağır atletika və bədii gimnastika bölmələri birləşərək Atletika Federasiyası yenidən formalaşmağa başlayıb. Geridə qoyduğumuz iki il ərzində məlum pandemiya səbəbindən muxtar respublika, eyni zamanda ölkədaxili yarışlar, turnirlər təxirə salınsa da, 2022-ci ildən etibarən idmançılarımız çıxış etdikləri yarışlarda uğurlu nəticələr əldə ediblər. Cari ilin mart ayında ağır atletika üzrə keçirilən ölkə çempionatında 3 idmançımız uğur qazanıb. Bunun davamını Azərbaycan çempionatında kross qaçışı üzrə yüngül atletlərimiz gətirdilər. Nazir federasiyanın əsas məqsədinin qarşıdakı aylarda keçiriləcək ölkədaxili və ölkəxarici yarışlarda uğur qazanmaq, Naxçıvanın idman ənənələrini layiqincə təmsil etmək olduğunu deyib. Qazanılan uğura görə məşqçi və idmançılara təşəkkürünü bildirən Rəhman Məmmədov yaradılan şəraitə görə federasiya adından muxtar respublika rəhbərinə minnətdarlıq edib.
Sonda federasiyanın sədri uğur qazanan idmançılara, məşqçilərə diplom, medal, təşəkkürnamə və pul mükafatları təqdim edib.