Aqib Seyidovun səhnə həyatı və pedaqoji fəaliyyəti

A- A A+

İfaçılar – xalq musiqisini yaşadan sənətkarlardır desək, heç də yanılmarıq. Xalqın musiqisini, onun folklorunu tədqiq edən, araşdıran – musiqişünas, tədqiqatçı olduğu təqdirdə, onu əsrlərdən bəri yaşadan, gələcək nəsillərə çatdırılmasında böyük rol oynayan ifaçılardır.

Xalqımızın tarixində hər dövrün, hər nəslin, hər regionun  məşhur ifaçı sənətkarları olub. XX əsrin əvvəllərində ifaçılıq ənənələrini yaşadan sənətkarlardan Sarı Aşıq, Aşıq Ələsgər, Aşıq Abbas Tufarqanlı, Sadıqcan, Məşədi Cəmil Əmirov, Mirzə Rzayev, Qurban Primov, Mansur Mansurov, Bəhram Mansurov, Əhməd Bakıxanov və bir çox başqa sənətkarların adlarını çəkə bilərik. XX əsrin ikinci yarısında fəaliyyət göstərən tar və kamança ustalarından Əhsən Dadaşov, Həbib Bayramov, Hacı Məmmədov, Ramiz Quliyev, Möhlət Müslümov, Habil Əliyev, Ağasəlim Abdullayev, Şəfiqə Eyvazova, Rafiq İmrani və bir çox tanınmış ifaçılar xalq musiqimizi yaşadıb və yaşatmaqdadırlar.

Naxçıvan musiqi mədəniyyətinin inkişafında böyük xidmətləri olan ifaçı sənətkarların sayı da az deyildir. XX əsrin əvvəllərində tarzən Adil Kəngərli, kamança ifaçısı Mansur Sultanov, fleyta ifaçısı Əli Şərifov, klarnet ustası Məmməd Sultanov, 1920-ci illərin sonunda isə tarzən Tapdıq Hüseynov, dəf ifaçısı Yusif Şeyxov, dəf və tar ifaçısı Səfər Rəcəbovun xidmətləri danılmazdır. 1940-cı illərdə Məmməd Ələkbərov, Nəriman Məmmədov, Kamil Abdullayev, Ənvər Kəngərli, Məmməd Məmmədov kimi peşəkar ifaçılar bu alətlərin çalğı texnikasını, ifaçılıq imkanlarını daha yüksək səviyyəyə qaldırıblar.

Müasir dövrümüzdə Naxçıvanda ifaçılıq sənətini yaşadan, onu inkişaf etdirən, müasir gəncliyə ərmağan edən sənətkar Mahirə Məmmədova, Aqib Seyidov, Elman Əliyev, Əbülfət Babayev, İmanqulu İmanov, İlqar Hüseynov, Rəna Cəfərova, Nərminə Qədimova və başqalarıdır.

Bu yazıda Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, Naxçıvan Dövlət Universitetinin baş müəllimi Aqib Miribrahim oğlu Seyidovun səhnə və pedaqoji fəaliyyətinə nəzər salacağıq.

1963-cü ildə mart ayının 26-da Naxçıvan şəhərində dünyaya göz açan sənətkarın atası Miribrahim kişinin musiqiyə olan marağı övladlarının gələcəkdə bir musiqiçi kimi yetişməsində böyük rol oynayıb. Böyük övladı Aqibin tar çalmasını arzulayan atası onu dostu Rəşid Məmmədovun rəhbərlik etdiyi Naxçıvan musiqi məktəbinə gətirir. Rəşid müəllim balaca Aqibə kamança ifaçısı olmasını məsləhət görür. Aqib də ustadın sözündən çıxmır. Məhz Rəşid müəllimin uzaqgörənliyi gələcəkdə Aqib Seyidovun gözəl kamança ustadı olması üçün bir qığılcım olur. 1975-ci ildə Naxçıvan musiqi məktəbinə kamança sinfinə qəbul olan balaca Aqibin ilk müəllimi Kamal Əliyev olub. Təhsil illərində o, Naxçıvanın tanınmış ifaçıları Məmməd Ələkbərov, Tapdıq Hüseynov, Natiq Teymurov və Kamil Məmmədovdan dərs alıb. Aqib Seyidovun peşəkar bir musiqiçi, kamança ifaçısı kimi yetişməsində Kamil Məmmədovun çox böyük rolu olub. Sənətkarın söylədiyinə görə Kamil müəllim ona bir il içində beş ilin proqramını mükəmməl dərəcədə mənimsədir. Ustadın yeniyetmə Aqibdə kamançaya yaratdığı həvəs onu 1979-cu ildə Üzeyir Hacıbəyov adına Naxçıvan orta ixtisas musiqi məktəbinə gətirib çıxarır. Aqib müəllim burada xalq çalğı alətləri şöbəsində kamança ixtisası üzrə Tahirə və Mahirə Məmmədova bacılarından dərs alır. 1983-cü ildə Aqib Seyidov Şuşada keçirilən IV Respublika Müsabiqəsində iştirak edir və diplomla mükafatlandırılır. Elə həmin il Naxçıvan şəhər Həmkarlar İttifaqının göndərişi ilə Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri şöbəsinin kamança sinfinə daxil olur. Konservatoriyada Aqib Seyidov Arzu Səlimovadan, sonra isə Azərbaycan Respublikasının Xalq artisti Şəfiqə Eyvazovadan dərs alır. Şəfiqə xanım gənc istedada  kamança ifaçılığının sirlərini, xalq musiqimizin kökü sayılan muğamlarımızın mükəmməl ifasını öyrədir. Təhsil illərində konservatoriyanın musiqi həyatında fəal iştirak edən Aqib Seyidov, eyni zamanda Azərbaycan Respublikasının Xalq artisti Ağacəbrayıl Abasəliyevin yaratdığı “Səadət” Xalq Çalğı Alətləri ansamblında kamança çalıb. 1989-cu ildə Konservatoriyanı bitirən Aqib Seyidov təyinatla Naxçıvan Musiqi Texnikumuna müəllim göndərilib.           

Aqib müəllim ilk pedaqoji fəaliyyətinə 1982-ci ildə Babək rayon Cəhri kənd uşaq musiqi məktəbində başlayıb. 1989-cu ildən isə Naxçıvan Musiqi Texnikumunda müəllimlik fəaliyyətini davam etdirib. 1990-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri orkestrində çalışıb. Bu illərdən başlayaraq Aqib Seyidov Naxçıvan Muxtar Respublikasının musiqi həyatında əvəzedilməz xidmətlər göstərib. İlk dəfə olaraq onun təşəbbüsü ilə Naxçıvan Musiqi Texnikumunun nəzdində, mərhum Yusif Babayevin təşkilatçılığı ilə “Nəqşicahan” Xalq Çalğı Alətləri orkestri yaradılıb, onun ifasında “Muğam üçlüyü” təşkil edilib. “Muğam üçlüyü”ndə kamançada ustad ifaçının özü, tarda Azərbaycan Pespublikasının mədəniyyət işçisi Tağı Tağıyev, qavalda Azərbaycan Respublikasının Əməkdar artisti mərhum Qurban Qasımov ifa ediblər. Ansambl və “Muğam üçlüyü”nün ifasında “Şur”, “Mahur-Hindi” və “Çahargah” dəsgahları ifa olunub. Aqib Seyidov gah ansambl tərkibində, gah muğam üçlüyündə, gah da orkestr tərkibində, keçirilən dövlət tədbirlərinin demək olar ki, əksəriyyətində iştirak edib. Sənətkarın Naxçıvan Gənclik Mərkəzində solo konserti olub və çox uğurla keçib. Ustad sənətkarın bu misilsiz əməyi muxtar respublikamızın rəhbəri tərəfindən yüksək qiymətləndirilərək 2006-cı il yanvarın 6-da Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Aqib Seyidov təkcə ifaçı deyil, eyni zamanda gözəl pedaqoqdur. 1996-cı ildən  Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində baş müəllim vəzifəsində çalışan Aqib Seyidov yetişdirdiyi tələbələrlə tez-tez tədbirlərdə çıxış edir. Sənətkara gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Aynur Məmmədova

NDU-nun Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının müəllimi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: