Ümumdünya Kitab və Müəllif Hüquqları Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublika Kitabxanasında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Kərimov və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev bildiriblər ki, kitab insanların yaradıcı təfəkkürünün məhsulu kimi hamının, xüsusilə uşaqların və gənclərin formalaşmasında əvəzsiz xəzinədir.
Qeyd edilib ki, muxtar respublikamızda ədəbiyyatın, mədəniyyətin, incəsənətin, milli-mənəvi dəyərlərin, eləcə də müəlliflik hüquqlarının qorunması sahəsində ardıcıl tədbirlər görülür. Bu sahənin inkişafında mühüm rol oynayan amillərdən biri də müasir nəşriyyat və mətbəələrin fəaliyyət göstərməsidir.
Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova muxtar respublikada fəaliyyət göstərən kitabxanaların yenidən qurulmasını, maddi-texniki bazalarının möhkəmləndirilməsini gənclərin hərtərəfli inkişafı, intellektual səviyyəsinin və dünyagörüşünün, elmə, mütaliəyə marağının artırılması istiqamətində atılan mühüm addımlardan biri kimi dəyərləndirib. Vurğulanıb ki, dünyada ilk dəfə Naxçıvanda oxunması zəruri olan kitabların siyahısının təsdiq edilməsi kimi nümunəvi bir təşəbbüs göstərilib, sərəncam imzalanıb. Bu sahədə görülən işlərin davamı kimi hazırda Naxçıvanda MR Uşaq Kitabxanası üçün şəhər mərkəzində müasir binanın tikintisi aparılır.
Tədbirin sonunda Ümumdünya Kitab və Müəllif Hüquqları Günü ilə bağlı sərgiyə baxış olub.
Hafizə Əliyeva