Naxçıvan Dövlət Universitetində hüquq sahəsi üzrə təhsil alan tələbələrin iştirakı ilə görüş keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin pedaqoji fəaliyyətlə məşğul olan əməkdaşlarının və nazirliyin hamiliyinə verilən Naxçıvan Dövlət Universitetində hüquq sahəsi üzrə təhsil alan tələbələrin iştirakı ilə görüş keçirilib.
Ədliyyə Nazirliyində təşkil olunan görüşdə Beynəlxalq münasibətlər və hüquq, Hüquqşünaslıq, İqtisadiyyat və idarəetmə fakültələrinin dördüncü kurs tələbələri iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahədə müvafiq Sərəncamlarından irəli gələn vəzifələrin icrası istiqamətində görülən işləri diqqətə çatdıran ədliyyə naziri, üçüncü dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov bildirib ki, müvafiq ixtisasların hamiliyə verilməsi hüquqşünaslıq, dövlət və bələdiyyə idarəetməsi istiqamətində tədrisin keyfiyyətini artırmaqla yanaşı, ixtisaslı kadrların təcrübə və bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Hər il universitetin müvafiq ixtisaslar üzrə tələbələri nazirlikdə, yerli qurumlarda və bələdiyyələrdə təcrübə kursları keçir, xidmət sahələrində görülən işlərlə yaxından tanış olurlar.
Qeyd olunub ki, ötən dövrdə Ədliyyə Nazirliyi tərəfindən universitetin kitabxanasına 14 adda 37 hüquq ədəbiyyatı və metodiki vəsait hədiyyə edilib. Gələcəkdə də bu cür əlaqələrin davam etdirilməsi tələbələrin peşə seçiminə köməklik göstərəcək, ədliyyə orqanlarında qulluq etmək marağını artıracaq. Nazir universitetin pedaqoji kollektivinə və tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev hami təşkilatlarla universitet arasında əməkdaşlığın əhəmiyyətindən danışıb. Vurğulanıb ki, muxtar respublikada ali təhsil müəssisələrində tədrisin müasir standartlara uyğunlaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi pedaqoji və elmi kadrların yüksək hazırlığına şərait yaradır. Hazırda bakalavr səviyyəsi üzrə 70 ixtisas muxtar respublikanın 40-a yaxın təşkilatına hamiliyə verilib.
Naxçıvan Dövlət Universiteti ilə Ədliyyə Nazirliyi arasındakı qarşılıqlı əlaqəyə də toxunan rektor qarşılıqlı elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirib.
Nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri, ekspert qrupunun rəhbəri Səttar Zamanov təcrübə kursu müddətində tələbələrin cəlb olunduqları sahələr, tədris olunan mövzular, ötən dövrdə keçirilən tədbirlər və “ədliyyə könüllüləri” proqramı istiqamətində yönləndirici layihlər barədə slayd vasitəsilə məlumat verib.
Görüşdə, həmçinin Ədliyyə Nazirliyinin fəaliyyəti ilə bağlı videoçarxa da baxış olub.
Sonra nazirliyin Məhkəmə Ekspertizası Mərkəzi, İcra və probasiya şöbəsi ilə tanışlıq olub. Tələbələrə aparılan ekspertizalar və probasiya sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.
Ərhan Novruzov