Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində “İrəvan Müəllimlər Seminariyasına rəhbərlik edən direktorların elmi fəaliyyəti” mövzusunda dəyirmi masa təşkil olunub. Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, dəyirmi masada Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev Azərbaycanın təhsil tarixində əhəmiyyətli rol oynamış təhsil ocaqlarından biri olan İrəvan Müəllimlər Seminariyası haqqında danışıb.
Müzakirədə “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli Sərəncamı diqqətə çatdırılıb. Seminariyanın 140 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncamın mühüm elmi-pedaqoji, siyasi-ideoloji, mədəni-mənəvi əhəmiyyət kəsb edildiyi vurğulanıb. Bildirilib ki, müvafiq sərəncam İrəvan mahalında azərbaycanlıların min illər boyu yaratdığı tarixi irsə sahib çıxmaqla yaddaşımızı bərpa etməyə və strateji hədəflərə nail olmağa yönəlib.
Dəyirmi masada iştirak edənlər seminariyaya rəhbərlik edən direktorların elmi fəaliyyəti ilə bağlı fikirlərini irəli sürüblər.
Nazlı Himmətova
Jurnalistika ixtisası üzrə I kurs tələbəsi