NDU-nun tələbələri Gigiyena və Epidemiologiya Mərkəzində olublar - FOTOLAR
Naxçıvan MR Gigiyena və Epidemiologiya Mərkəzində keçirilən görüş zamanı Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Niyazi Novruzov qeyd edib ki, muxtar respublikada əhalinin sağlamlığının qorunması sahəsində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərin tərkib hissəsi olaraq Gigiyena və Epidemiologiya Mərkəzi də hərtərəfli qayğı ilə əhatə olunub, əhali arasında yoluxucu xəstəliklər minimum həddə endirilib. Vaxtında aparılan profilaktik və əks-epidemik tədbirlərin nəticəsidir ki, muxtar respublika ərazisində polimelit, difteriya və maliyariya xəstəliyi qeydə alınmır.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, ali təhsil ocağında Tibb fakültəsinin özünəməxsus yeri var. Qeyd edilib ki, hazırda fakültədə 1300-dən artıq tələbə təhsil alır ki, onların bu sahədə peşəkar kadr kimi yetişdirilməsi üçün müxtəlif tədris planları, təcrübə proqramları həyata keçirilir. Diqqətə çatdırılıb ki, Türkiyənin nüfuzlu Ankara və Qazi universitetləriylə yaradılan əlaqələr nəticəsində artıq tələbələr yay təcrübələrini həmin ali təhsil müəssisələrində keçmə imkanı əldə edəcəklər. Qeyd edilib ki, universitetdə 1999-cu ildən tibb sahəsi üzrə kadr hazırlığına başlansa da, gigiyena – epidemiologiya profilinə uyğun kadrların hazırlanmasına 2007-ci ildən başlanıb. Elbrus İsayev qeyd edib ki, keçirilən görüşdə əsas məqsəd tələbələri mərkəzdə yaradılan şərait, buradakı maddi-texniki baza ilə tanış etmək, onları təcrübi cəhətdən məlumatlandırmaq və düzgün istiqamət verməkdən ibarətdir.
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov qeyd edib ki, bu günədək Tibbi profilaktika sahəsində 100-dən artıq tələbə məzun olub ki, hazırda qeyd olunan ixtisas üzrə 63, İctimai səhiyyə ixtisası üzrə isə 24 tələbə təhsil almaqdadır.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, Naxçıvan MR Gigiyena və Epidemiologiya Mərkəzinin baş həkimi Zeynəb Mustafayeva mərkəz haqqında məlumat verərkən qeyd edib ki, burada zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan mərkəzdə 35 iş otağı, 6 laboratoriya, 1-i elektron lövhəli olmaqla 2 sinif otağı, elektron lövhəli 72 yerlik iclas zalı, 2 soyuducu kamerası olan anbar və yardımçı otaqlar var.
Ardınca Ümumi təbabət və klinik fənlər kafedrasının baş müəllimi Güllü Səfərova və universitetin Tibbi profilaktika ixtisası üzrə VI kurs tələbəsi İlay Ələfsərlinin çıxışları dinlənilib.
Daha sonra tələbələr mərkəzdə yaradılan şəraitlə əyani tanış olublar. Xüsusi təhlükəli infeksiyalar şöbəsi, ümumi laboratoriya şöbəsi ilə tanışlıq zamanı tələbələrə, DNT, PZR testləri haqqında məlumat verilib. Bildirilib ki, DNT testi bioloji materialın müxtəlif formaları ilə aparılır - tüpürcək, qan, dırnaqlar, saçlar və hətta bir insanın paltarı və ya içdiyi bir fincan ilə test etmək mümkündür. PZR testi haqda məlumat verilərkən qeyd edilib ki, COVID-19 xəstəliyi yayıldıqdan sonra ən çox adı çəkilən testlərdən biri də PZR testi oldu. PZR virusların molekulyar diaqnostikasında da istifadə edilən mikrobioloji müayinə metodlarından biridir.
Virusoloji, bakterioloji laboratoriyalarla tanışlıq zamanı sterilizasiya, şüalanma, infeksion xəstəliklərin aşkarlanması haqqında da tələbələr məlumatlandırılıb.
Məmmədbağır Dünyamalıyev
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı