“Mütaliə aylığı” çərçivəsində “Oxu günü” keçirilib - FOTOLAR

A- A A+

Şagirdlərin formalaşmasında, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin rolu nəzərə alınaraq aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilib”.

“Mütaliə aylığı çərçivəsində” Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən  “Oxu günü” tədbiri keçirilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, təhsil müəssisələrinin kitabxanaları da zəruri avadanlıqlar, dərslik və latın qrafikalı bədii ədəbiyyatla təmin olunub.

Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verən, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edən oxunması zəruri olan kitabların siyahısı təsdiq edilib. Ümumtəhsil məktəblərinin kitabxanalarında oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb.

“Oxu günü” tədbirində muxtar respublikanın ümumtəhsil məktəblərinin, Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin şagirdləri və Heydər Əliyev Uşaq-gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri iştirak edib.

Şagirdlər “Oxunması zəruri olan kitabların siyahısı”ndan mütaliə etdikləri əsərlər haqqında məlumat verib, Azərbaycan şairlərinin şeirlərini bədii qiraət ediblər. Tədbirdə “Gənc istedadlar”  müsabiqəsinin  qaliblərindən  Sabrina Mədətova, Sevgi Poladqızı, Gülay Əlizadə, Dəniz Abdullazadə və digərləri öz əsərləri haqında iştirakçıları məlumatlandırıblar.

Şagirdlər Cəlil Məmmədquluzadənin “Anamın kitabı”, “Çay dəsgahı”, Mirzə Fətəli Axundzadənin “Heykayəti Müsyo Jordan və Dərviş Məstəli şah” əsərlərindən, Hüseyn Cavidin “Azər” poemasından, Səməd Vurğunun “Vaqif” dramından kiçik parçalar səhnələşdiriblər.         

Həmçinin tədbirdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin rəsm və əl işlərindən ibarət sərgisi də təşkil olunub.

Qeyd edək  ki, “Oxu günü” tədbirinin keçirilməsində  məqsəd şagirdlərdə mütaliəyə diqqətin artırılması, onlar arasında oxu vərdişlərinin inkişaf etdirilməsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: