AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası olub - FOTOLAR

A- A A+

Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə  bildirilib ki, Bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları iclasın gündəliyinə çıxarılan məsələlərlə tanış etdikdən sonra, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova “Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı” mövzusunda məruzə edib. “Jurnalın dini-fanatizmin tüğyan etdiyi ən çətin dövrdə insanların maarifləndirilməsində, cəmiyyətin mədəni inkişafına mane olan cəhalət qandalından azad olmasında əvəzsiz rolundan söz açan alim ölkənin ictimai-siyasi həyatında kəskin ideoloji mübarizələrin getdiyi dövrdə jurnalın mövqeyinə, hadisələrə özünəməxsus yanaşma tərzinə diqqət çəkib. Vurğulanıb ki, Cəlil Məmmədquluzadənin səyi və təşkilatçılıq bacarığı sayəsində qısa zamanda “Molla Nəsrəddin” ədəbi məktəbi formalaşıb, həmin ədəbi nəsil mollanəsrəddinçilər adı ilə tanınıb, böyük nüfuz qazanıb.

Dosent Aygün Orucova Naxçıvan Muxtar Respublikasında hər il “Molla Nəsrəddin” jurnalının yubileyi ilə əlaqədar tədbirlərin, aprel ayında “Molla Nəsrəddin” günlərinin keçirildiyini, məcmuənin xalqımızın milli özünüdərkində, azadlıq mübarizəsi tarixindəki mühüm rolunun, əsas müəlliflərinin həyatı və yaradıcılığının daha dərindən tədqiq olunduğunu, yeni-yeni faktların üzə çıxarıldığını bildirib.

Məruzə ətrafında müzakirə aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

“Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respubikası Prezidentinin 20 aprel 2022-ci il tarixli, “Əhməd Cavadın 130 illiyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 23 aprel 2022-ci il tarixli sərəncamları və AMEA Naxçıvan Bölməsinin qarşısında duran vəzifələr barədə məlumat verən akademik İsmayıl Hacıyev görüləcək işlərlə əlaqədar müvafiq tapşırıqlar verib.

Akademik, həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 6 aprel 2022-ci il tarixli qərarından irəli gələn vəzifələrin icrası ilə də  bağlı göstəriş verib.

İclasda Naxçıvan Muxtar Respublikası rayonlarının tarixi ilə bağlı yazılan kitabların çapa tövsiyə olunması, AMEA Naxçıvan Bölməsi elmi-tədqiqat müəssisələrinin Elmi Şuralarının fəaliyyəti ilə bağlı aparılan yoxlamanın nəticələri və gündəlikdəki digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: