NDU-da “sənaye ili”nə həsr olunan elmi konfrans keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasında sənayenin davamlı inkişafında innovasiyaların rolu” mövzusunda respublika elmi konfransı keçirilib

Konfransda universitetin rektoru Elbrus İsayev qeyd edib ki, sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması üçün 2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilib. Vurğulanıb ki, son dövrlərdə muxtar respublikada iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb. Rektor muxtar respublikada əldə olunan sosial-iqtisadi uğurları həm də ölkəmizin məqsədyönlü regional inkişafı və davamlı milli iqtisadi quruculuq prosesləri fonunda strateji əhəmiyyətli göstərici olaraq dəyərləndirib. Diqqətə çatdırılıb ki, hazırkı mərhələdə ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edən amillərdəndir. Naxçıvan Dövlət Universitetində inşası davam etdirilən Texnopark da buna bariz nümunədir.

İqtisad üzrə elmlər doktoru, professor Teymur Abbasov  “Naxçıvan Muxtar Respublikasında sənayenin davamlı inkişafı və innovasiya fəaliyyət subyektlərinin formalaşması” mövzusunda çıxış edib. Qeyd edilib ki, iqtisadiyyatın hərtərəfli inkişafını təmin etmək, yüksək texnologiyalar əsasında sənayenin davamlı inkişafına və şaxələndirilməsinə nail olmaq iqtisadi siyasətin əsas məqsədlərindən biridir. Son illər müasir dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu siyasət davamlı iqtisadiyyatın sənayeləşməsini  və innovativ istehsalın inkişaf etdirilməsini daha da sürətləndirib.

Konfransa onlayn qoşulan UNEC-in iqtisad üzrə elmlər doktoru, professor Rəsul Balayev regionun davamlı inkişafına təsir edən amil və şərtlər, eləcə də rəqəmsal iqtisadiyyat barədə danışıb. Rəqəmsal iqtisadiyyatın qiymətləndirilmə meyarları, indikatorları və strukturu barədə məlumat verən professor Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı üçün görülən işlərin müsbət nəticələrini və əsas indikator olaraq tranzaksiya xərclərini şərh edib, rəqəmsal mühitdə rəqabət və tənzimləmə məsələlərinə toxunub.

Konfransda həmçinin iqtisad üzrə fəlsəfə doktoru, dosent Əli Cabbarovun “Naxçıvan Muxtar Respublikasında turizm sənayesinin inkişafında konfort standartlarının tətbiqi” mövzusunda çıxışı da dinlənilib.

Sonra konfrans “Sənayenin innovativ inkişafı”, “Sənaye iqtisadiyyatı və sosial iqtisadi inkişaf” və “Sənayenin davamlı inkişafı və turizmi” adlı bölmə iclasları ilə davam edib.

Məmmədbağır Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: