Akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş interaktiv dərs keçirilib - FOTOLAR

A- A A+

AMEA-nın Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan görkəmli alim, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə “Oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva” mövzusunda  interaktiv dərs keçirilib.

Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimovanın keçdiyi dərs muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbinin şagirdləri tərəfindən izlənilib.

Dərsdə akademikin mənalı ömür yolu haqqında məlumat verilib, yüksək mənəvi keyfiyyətlərindən söz açılıb.

Vurğulanıb ki, tibb üzrə təhsilini başa vurduqdan sonra  Zərifə xanım Əliyeva Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışıb.

Akademik həmin illərdə Azərbaycanda gözün iltihabı və buynuz qişasını zədələyən, ağır nəticələrə, hətta tam korluğa səbəb olan xlamidiya etiologiyalı infeksion traxoma xəstəliyinin müalicəsində və profilaktik tədbirlərin təşkilində fəal iştirak edib. Bildirib ki, Zərifə Əliyevanın o dövrün dəhşətli bəlası hesab olunan traxoma  xəstəliyinin müalicəsində təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini taparaq respublikada traxoma xəstəliyinin tamamilə müalicə olunması ilə nəticələnib.

Qeyd olunub ki, istedadlı alim oftalmologiyanın aktual mövzuları üzrə çoxprofilli tədqiqatlar apararaq dəyərli elmi-tədqiqat əsərləri ərsəyə gətirib, "Göz yaşının axmasının fiziologiyası", "Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri", "Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti", “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası”, “Yaşla bağlı gözün əsəb yollarının dəyişməsi” kimi onlarla elmi məqalə və monoqrafiyalar çap etdirib.

Dərsdə tanınmış şəxsiyyətlərin akademik Zərifə xanım Əliyeva haqqında fikirlərindən sitatlar gətirilib, böyük alimin həyatı, vətəninə, xalqına sədaqəti, elmə xidməti, sahib olduğu insani məziyyətlərin gənc nəsil üçün örnək olduğu bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: