NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti İngilis dili və metodika kafedrasının müdiri Cavid Babayevin “İngilis dili leksikologiyasında eliziyanın istifadəsi” (“The usage of elision in English lexicology”) elmi məqaləsi Almaniyada “Çağdaş elm üçün beynəlxalq alman dərgisi” jurnalında işıq üzü görüb. Məqalə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi ən nüfuzlu 6 beynəlxalq xülasələndirmə sistemindən birinə Copernicus-a daxildir. Məqalədə ingilis dilinə xas olan eliziya hadisəsindən bəhs olunub. Eliziya sözün hansısa hərfinin və ya hərflərinin atılaraq apostrofla əvəz olunması deməkdir. Eliziya sürətli nitqdə, rep və hiphop kimi mahnı janrlarında istifadə olunan və nitqin sürətliliyinə xidmət edən bir üslubi vasitədir. Məqalədə akronim və abreviaturalar kimi qısaltmalarla eliziya müqayisə edilib və onların incə fərqləri üzə çıxarılıb. Qeyd olunub ki, akronimlərdə məqsəd iki və daha çox ardıcıl işlənən sözləri qısaldaraq bir söz yaratmaqdır. Eliziyada isə bu hadisə bir söz daxilində baş verir.
Səadət Əliyeva
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri