“Hüquqşünaslıq" ixtisasının tələbələri təlimə cəlb olunublar - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq" ixtisası üzrə 3-cü kurs tələbələri Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində “Ailə qanunvericiliyinin aktual məsələləri”nə həsr olunan beş günlük təlimə cəlb olunublar.

Hamilik tədbirləri çərçivəsində keçirilən təlimdə əvvəlcə tələbələr məhkəmənin müxtəlif strukturlarında iş şəraiti ilə tanış olub və onları maraqlandıran suallar cavablandırılıb. Ali Məhkəmənin kitabxana fondu ilə tanışlıqdan sonra tələbələrə məhkəməyə daxil olan sənədlərin, cinayət, mülki, inzibati və digər işlərin, materialların qeydiyyatı, rəsmiləşdirilməsi, formalaşdırılması, göndərilməsi və vətəndaşların müraciətlərinə baxılması qaydaları barədə onlara ətraflı məlumat verilib.

Təlim çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşları ailə qanunvericiliyinə dair nəzəri biliklərinin təkmilləşdirilməsi istiqamətində çıxış ediblər. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, Kommersiya Kollegiyasının sədri Əhliman Xıdırov "Ailə qanunvericiliyinin aktual məsələləri" barədə tələbələrə təlim keçib. Təlimdə tələbələr ailə qanunvericiliyinin ümumi xarakteristikası, ailə mübahisələri üzrə işlərə tətbiq olunmalı olan qanunvericilik aktlarının dairəsi, bu işlərə baxılması zamanı formalaşmış vahid məhkəmə təcrübəsi barədə məlumatlandırılıb, mövzu ətrafinda tələbələrlə qarşılıqlı müzakirə aparılıb.

Təlim çərçivəsində tələbələrin ailə qanunvericiliyinin tətbiq dairəsinə daxil olan işlər üzrə məhkəmə iclaslarında iştirakları təmin olunub.

Layihənin sonuncu günü Naxçıvan Muxtar Respublikasi Ali Məhkəməsinin sədri Qasım Əliyev tələbələrlə görüşüb. O, ölkədə aparılan hüquqi islahatların tərkib hissəsi kimi məhkəmə orqanlarında çalışacaq yüksək peşəkarlığa malik, layiqli və humanist kadrların formalaşdırılmasının vacibliyini vurğulayıb. Qasım Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarının gələcəyin fəal, təşəbbüskar, vətənpərvər ruhlu kadrlarının yetişdirilməsi istiqamətində atılan əhəmiyyətli addımlardan olduğunu bildirib, həyata keçirilən tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb.

Kommersiya Kollegiyasının sədri Əhliman Xıdırov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarının icrası çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Ali Məhkəmə arasında qarşılıqlı əməkdaşlıq qurulub və bu istiqamətdə tədbirlərin təşkili gələcəkdə müvafiq sahələrdə çalışacaq kadrların daha peşəkar yetişməsinə, ixtisaslarına dərindən yiyələnmələrinə yeni imkanlar yaradır.

Universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekan müavini Abbas Əhmədov yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: