Naxçıvan Müəllimlər İnstitutunda IV Respublika Elmi Konfransı keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda magistrant və doktorantların “Təhsil, tədqiqat və innovasiyanın vəhdəti” mövzusuna həsr olunan Dördüncü Respublika Elmi Konfransı keçirilib.

Konfransda əvvəlcə “Müstəqilliyimizin bəhrələrindən: Naxçıvan Müəllimlər İnstitutu” adlı videoçarx nümayiş olunub.

Sonra Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov bildirib ki, bütövlükdə ölkədə, o cümlədən muxtar respublikada təhsil alan və elmi tədqiqatla məşğul olan gənc tədqiqatçıları hibrid formatda bir araya gətirmək, onların əldə etdikləri elmi nəticələri digər tədqiqatçılarla paylaşmasına və müzakirə etməsinə, elmi tədqiqat, tərtibat və təqdimat bacarıqlarının inkişafına şərait yaratmaq, təhsil-tədqiqat və innovasiyaya maraq artırmaq konfransın əsas qayəsini təşkil edir.

Rektor qeyd edib ki, konfransda ixtisasından asılı olmayaraq muxtar respublika və ölkənin digər bölgələrindən 20-dən artıq ali təhsil müəssisəsinin bir çox gənc doktorant və magistrantı elmi məruzə, tezis və məqalə materialları ilə iştirak edirlər.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev vurğulayıb ki, ölkəmizdə həyata keçirilən təhsil islahatına dair proqramlar peşəkar kadr hazrlığına geniş imkanlar yaradıb. Təmsil etdiyi ali təhsil ocağının tələbələrinin qazandığı uğurlara da toxunan rektor bildirib ki, Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələrin ölkənin nüfuzlu jurnallarında məqalələri nəşr olunur, müasir laboratoriya şəraitində müəyyən tədqiqat işləri aparırlar. Bundan başqa, universitetdə hazırda tikintisi davam etdirilən Texnologiyalar Parkı da istifadəyə verildikdən sonra yerli və əcnəbi tələbələrin daha rahat təhsil almasına, geniş tədqiqat aparmalarına əlverişli şərait yaradacaq. Elbrus İsayev elmi konfransın işinə uğurlar arzulayıb.

Konfransa onlayn qoşulan Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Asəf Zamanov muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində yaradılan müasir maddi-texniki bazadan və tədris olunan təhsilin keyfiyyətindən danışıb. Qeyd edilib ki, ölkənin qabaqcıl universitetlərindən olan Naxçıvan Dövlət Universitetində yaradılan təhsil mühiti respublikanın digər regionları ilə yanaşı, əcnəbiləri də özünə cəlb edib. Belə ki, hazırda ali təhsil ocağındakı tələbələrin 20 faizini xaricdən gələn tələbələr təşkil edir. 

Konfransda plenar müzakirələr təşkil olunub, məruzələr dinlənilib.

Sonra konfrans 17 bölmə iclasında işini davam etdirib. İclaslarda doktorant və magistrantların 227 məruzəsi dinlənilib.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: