“Naxçıvan” Universitetində Beynəlxalq Konfrans keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində “Naxçıvan Muxtar Respublikasında sənayenin diversifikasiyası beynəlxalq iqtisadi inteqrasiya amili kimi” mövzusunda konfrans keçirilib.
Beynəlxalq konfransın iştirakçıları əvvəlcə Heydər Əliyev Muzeyini ziyarət ediblər. Muzeydə qonaqlara ulu öndərin mənalı ömür yolu və parlaq siyasi fəaliyyətini əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib.
Sonra “Naxçıvan” Universitetində “Naxçıvan Muxtar Respublikasında sənayenin diversifikasiyası beynəlxalq iqtisadi inteqrasiya amili kimi” mövzusuna həsr olunmuş konfrans öz işinə başlayıb.
“Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva qonaqları salamlayıb və konfransın işində uğurlar arzulayıb.
İqdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma bildirib ki, ölkələrarası münasibətlərin düzgün qurulmasında iqtisadiyyatın rolu danılmazdır. İqtisadi əlaqələrin genişləndirilməsi sahəsində ölkələrimiz arasındakı mühüm irəliləyişlərə diqqət çəkən rektor gələcəkdə Naxçıvanda bir çox layihələrin icrası perspektivlərindən də danışıb.
2022-ci ilin Naxçıvan Muxtar Respublikasında “Sənaye ili” elan olunduğunu diqqətə çatdıran Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elnur Mahmudov qeyd edib ki, məqsəd diyarımızda sənaye sektorunu daha da inkişaf etdirməkdir. Bunun üçün xammal ehtiyatının yaradılması qarşıda duran əsas məsələlərdəndir. Şərur Sənaye Məhəlləsinin yaradılması istiqamətində görülən işlər sənayenin davamlı inkişafında, iqtisadiyyatın modernləşməsində və innovativ iqtisadiyyatın formalaşmasında əhəmiyyətli rol oynamaqla yanaşı, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin də bariz nümunəsidir.
Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi Sevda Mikayılova, Qazaxıstan Respublikasının Əhməd Yəsəvi Universitetinin müəllimi, dosent Aktolkin Abubakirova müxtəlif mövzularda çıxış ediblər. Qeyd olunub ki, Naxçıvanın yeraltı və yerüstü sərvətlərinin tədqiqi onu deməyə əsas verir ki, burada sənayenin inkişafı müxtəlif istiqamətlər üzrə həyata keçirilə bilər. Burada strateji əhəmiyyətə malik sahələrin inkişaf etdirilməsi aqrar sahəyə paralel olaraq sənayenin inkişafına da təkan verir.
Konfransda “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Hüseyn Bağırsoylu bildirib ki, müasir dövrdə iqtisadiyyatın davamlı inkişafı şəraitində Naxçıvan iqtisadi rayonunda sosial-iqtisadi inkişafın prioritet istiqamətlərindən biri mövcud sənaye sahələrini diversifikasiya proseslərinə cəlb etməkdir. Təkrar istehsal prosesinin genişlənməsi və məhsulların istehsal həcminin artması əlavə iş yerlərinin yaradılmasına, iqtisadi fəal əhalinin məşğulluğunun təmin olunmasına, işsizlik səviyyəsinin aşağı düşməsinə və əməkhaqqının artmasına səbəb olur. Bu isə əhalinin maddi rifahının daha da yaxşılaşması deməkdir. Qeyd olunub ki, sənaye komplekslərinin yaradılmasında məqsəd müasir dövrdə müstəqil fəaliyyət göstərən, özünümaliyyələşdirən və xammal təchizatını fasiləsiz yerinə yetirən təsərrüfat subyektlərinin artırılmasını təmin etmək və ölkə iqtisadiyyatının davamlı inkişafına fayda verməkdən ibarətdir. Bu mənada muxtar respublikada sənaye sahələrinin keyfiyyətcə yeni mərhələyə çatması rəqabətqabilliyyətliliyin artmasına imkan verəcək.
Sonda beynəlxalq konfransda fəal iştirak edənlərə “Naxçıvan” Universitetinin sertifikat və hədiyyəsi verilib.
Konfrans gün ərzində bölmə iclasları ilə davam edib.
Adilə Səfərova