Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən elan olunan “Mütaliə aylığı”nın yekununa həsr olunmuş tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində mütaliənin rolu müstəsna əhəmiyyətə malikdir. Muxtar respublikada şagirdlərdə mütaliə mədəniyyətinin formalaşmasında məktəb kitabxanalarının rolu və əhəmiyyəti nəzəri alınaraq kitabxanalar zəruri avadanlıqlarla təchiz olunub, kompüterlə təminatı istiqamətində zəruri tədbirlər görülüb, kitabxana fondu dərslik və bədii ədəbiyyatla zənginləşdirilib.
Təhsil naziri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamı da bu istiqamətdə görülən işlərin davamı olmaqla yanaşı, həm də uşaq, yeniyetmə və gənclərin azərbaycançılıq ideologiyasına bağlı, vətənə, xalqa sədaqət ruhunda tərbiyəsində mühüm rol oynayır.
Təhsil naziri qeyd edib ki, 2019-cu ildən Təhsil Nazirliyi tərəfindən aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilir. Aprel ayı ərzində müxtəlif tədbirlər, kitab müzakirələri, dram, inşa, şeir, sürətli oxu müsabiqələri, şagirdlərlə şair və yazıçıların görüşləri, konfrans, dəyirmi masa və görkəmli ədiblərin muzeylərindən interaktiv dərslər və digər tədbirlər keçirilib. Keçirilən tədbirlərə ümumilikdə 20 mindən çox şagird cəlb olunub.
Rəhman Məmmədov qeyd edib ki, əvvəlki illərdə olduğu kimi bu tədris ilində də “Mütaliə aylığı” çərçivəsində keçirilən tədbirlər istedadlı şagirdlərin üzə çıxarılmasında, biliklərinin artırılmasında mühüm rol oynamaqla yanaşı, onlarda mütaliəyə marağın yaradılmasına, vətənpərvər, dünyagörüşlü formalaşmasına öz töhfəsini verib.
Təhsil naziri təhsilə göstərdiyi diqqət və qayğıya görə təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib, “Mütaliə aylığı” çərçivəsində təşkil edilən müsabiqələrin qaliblərini təbrik edib.
Tədbirdə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Dürdanə Quliyeva, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Əmir İmanov çıxış edərək muxtar respublikada məktəblilərin təhsili üçün yaradılan nümunəvi tədris şəraitindən və “mütaliə aylığı”nın əhəmiyyətindən danışıblar.
Sonra “Mütaliə aylığı” çərçivəsində keçirilən tədbirlərdən ibarət videoçarxa baxış olub, “Mütaliə aylığı” çərçivəsində keçirilən müsabiqələrin qaliblərinə, şeir, hekayə yazan, kitabı çap olunan şagirdlərə diplomlar və kitablar təqdim olunub.
Bədii hissə ilə davam edən tədbirdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri elm, təhsil, məktəb, müəllim, kitab və mütaliə haqqında fikirlər səsləndirib, “Uzundərə rəqsi”, “Köçəri” yallısı, “Mənim doğma məktəbim” mahnısı və digər müsiqi və rəqs nömrələri ilə çıxış ediblər.
Tədbirdə şagirdlər müxtəlif şairlərin şeirlərindən bədii qiraət ediblər.
Sonra tədbirin iştirakçıları kitablardan ibarət sərgiyə baxıblar. Sərgidə oxunması zəruri olan, muxtar respublikanın mədəniyyəti və tarixindən bəhs edən, Təhsil Nazirliyinin xətti ilə nəşr olunan, həmçinin şagird və müəllimlərin müəllifi olduğu kitablar yer alıb.