Naxçıvanda 9-cu sinfi bitirənlər buraxılış imtahanı verib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən ölkə üzrə 9 illik, yəni ümumi orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçirilib. Muxtar respublikada imtahanlarda 4 mindən artıq şagird iştirak edib.
Bütün binalarda eyni vaxtda, saat 11:00-da başlayan buraxılış imtahanına şagirdlər saat 9:00-dan etibarən buraxılıb. Ölkənin 22 şəhər və rayonunda, o cümlədən Naxçıvan Muxtar Respublikasında təşkil olunan imtahanda ümumilikdə 25 minə yaxın şagird iştirak edib. İmtahanın keçirilməsi üçün şəhər və rayonlarda 107 imtahan binası, 1919 imtahan zalı ayrılıb.
Muxtar respublikada 17 binada keçirilən imtahan Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarını əhatə edib. Bir mərhələdə keçirilən imtahana 3 saat vaxt ayrılıb. Bu vaxt çərçivəsində şagirdlər 3 fənn - Azərbaycan dili, Riyaziyyat və Xarici dil üzrə ümumi orta təhsil səviyyəli buraxılış imtahanı veriblər. Şagirdlərə müvafiq fənlər üzrə ümumilikdə qapalı və açıq tipli 85 sual təqdim olunub. Nəticələr 300 ballıq sistemlə hesablanacaq.
Qeyd edək ki, mayın 8-də cari ilin 9 və 11-ci sinif şagirdləri, həmçinin əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcək.
Ərhan Novruzov