İstiqlal şairi Əhməd Cavadın həyat və yaradıcılığına həsr olunan interaktiv dərs keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə istiqlal şairi Əhməd Cavadın həyat və yaradıcılığına həsr olunan interaktiv dərs keçirilib.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin bələdçisi tərəfindən aparılan dərsdə bildirilib ki, Azərbaycan xalqının müstəqillik arzularının gerçəkləşməsində misilsiz xidmətləri olan görkəmli şəxsiyyətlər ehtiramla anılır. Onlardan biri də Azərbaycan istiqlal mücadiləsinin nümayəndələrindən olan tanınmış şair Əhməd Cavaddır. Azərbaycan ədəbiyyatı və ictimai fikrinin inkişafında tutduğu əvəzsiz mövqeyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Əhməd Cavadın 130 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. İstiqlal şairi Əhməd Cavadın 130 illik yubileyinin muxtar respublikada keçirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin müvafiq sərəncamı ilə “Tədbirlər Planı” təsdiq edilib.
İnteraktiv dərsdə şagirdlərə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilərək bildirilib ki, Əhməd Cavadın yaradıcılığı Azərbaycan dövlətçiliyinin, o cümlədən Xalq Cümhuriyyətinin tərənnümü baxımından çox zəngindir. Dövlət müstəqilliyinin əldə olunmasından yaranan milli qürur, sevinc və fəxarət duyğuları milli Azərbaycan poeziyasının nəhəng siması, Azərbaycan istiqlal ədəbiyyatının nəğməkarı, görkəmli şair Əhməd Cavadın yaradıcılığında əsas yeri tutmaqla ədəbiyyatımızda yeni milli poeziya məktəbi yaradıb.
Məktəblilərin diqqətinə çatdırılıb ki, bu qüdrətli və vətənpərvər şair Azərbaycanın ilk Dövlət Himninin sözlərini yazıb, dövlət atributlarını vəsf və tərənnüm edib, dövlətçiliyə məhəbbət və Vətənə bağlılıq hisslərini əsərlərində təbliğ edib. Bu baxımdan görkəmli Azərbaycan şairi Əhməd Cavadın yaradıcılığı dövlətçiliyə sədaqət və tərənnüm dolu nümunələri ilə fərqlənir.
İnteraktiv dərsi muxtar respublikanın 200-dən çox məktəbinin şagirdləri izləyib.
Novruz Məmmədov