“Əhməd Cavad - 130” mövzusunda elmi konfrans keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq muxtar respublikada istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyi münasibətilə silsilə tədbirlər təşkil olunur. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün AMEA Naxçıvan Bölməsində və Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında elmi kofrans və tədbir təşkil edilib, ümumtəhsil məktəblərinin şagirdləri bu mövzuda keçirilən interaktiv dərsə cəlb ediliblər.

AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi və muxtar respublikanın ali təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə keçirilən elmi konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edib. Akademik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, böyük şair və maarifçi, Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın 45 illik məşəqqətli ömür yolu, yaradıcılığı barədə ətraflı məlumat verib, şairin mübarizə dolu həyatına nəzər salıb. Bildirilib ki, “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respubikası Prezidentinin 2022-ci il 20 aprel tarixli və “Əhməd Cavadın 130 illiyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 23 aprel tarixli Sərəncamları Azərbaycan ədəbiyyatına göstərilən daha bir qayğının bariz ifadəsidir. Konfrans da həmin Tədbirlər Planına uyğun olaraq keçirilir. Tədbirlər Planına əsasən, həmçinin bölmənin “Elmi əsərlər” jurnalının xüsusi nömrəsinin Əhməd Cavadın həyat və yaradıcılığına həsr olunması da nəzərdə tutulub.

Vurğulanıb ki, Əhməd Cavad vətəninə, elinə, bütövlükdə türk dünyasına bağlı əsl mücahid olub, türkçülüyə sevgisinə görə dövrün sovet ideoloqları tərəfindən böyük təhlükə kimi qələmə verilib. Bu səbəbdən də vətənə sevdalı şair amansız 1937-ci il repressiyasına məruz qalaraq sovet totalitarizminin qurbanına çevrilib. Şair yaradıcılığını bütövlükdə Vətənə məhəbbət, azadlıq və istiqlaliyyət mövzularına həsr edib, əsərlərində xalqına, dövlətinə, dilinə məhəbbətini tərənnüm edib. Bütün həyatı boyu xalqımızın müstəqillik ideyalarına sadiq qalan Əhməd Cavad poeziyada yeni bir ədəbi məktəbin bünövrəsini qoyub. Şairin zəngin yaradıcılığı milli azadlıq və istiqlal uğrunda mübarizə motivlərinin aparıcı mövqeyi ilə səciyyələnərək dövrün ictimai-siyasi mənzərəsini dolğun əks etdirir. Ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəstxəti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarından olan görkəmli şairin əsərləri bu gün də dillər əzbəridir.  Həmçinin onun şeirlərinə musiqilər bəstələnir. 

Konfransda Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Əliyev Əhməd Cavadın lirikasından danışaraq, onun poeziyasını ətraflı təhlil edib. Vurğulanıb ki, şairin sovet əsarətinə qarşı haqlı mübarizəsi onun şeirlərində tam dolğun şəkildə əksini tapıb, dərin vətənpərvərlik duyğuları yüksək ustalıqla ifadə olunub. Əhməd Cavad təkcə şeir yazmaqla kifayətlənməyib, tərcümə fəaliyyəti ilə də məşğul olub, bir sıra məsul vəzifələri uğurla yerinə yetirib. Məruzəçi şairin yaradıcılığından gətirdiyi nümunələr əsasında əsərlərin ideya və məzmun xüsusiyyətlərini iştirakçıların diqqətinə çatdırıb.

Konfransda AMEA Naxçıvan Bölməsinin İncəsənət, dil və ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov, Naxçıvan Dövlət Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazov, Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru Həsənalı Eyvazlı, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova və “Naxçıvan” Universitetinin şöbə müdiri Anar Abuzərli Əhməd Cavad yaradıcılığı ilə bağlı çıxış ediblər.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: