Naxçıvan Dövlət Universitetində Türk Ağsaqqalları Birliyinin birgə təşkilatçılığı ilə elmi-praktiki konfrans keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti və Türk Ağsaqqalları Birliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunub.
"Heydər Əliyev və Türk dünyası" mövzusunda keçirilən elmi-praktiki konfransın iştirakçıları əvvəlcə universitetin İncəsənət fakültəsində Elmi Kitabxananın təşkilatçılığı ilə “Heydər Əliyev irsinin öyrənilməsi və təbliği” adlı sərgiyə baxıblar. “Azərbaycan Respublikası”, “Naxçıvan Muxtar Respublikası” və “Naxçıvan Dövlət Universiteti professor-müəllim heyətinin müəllifi olduqları kitablar” başlıqları ilə üç hissədən ibarət olan sərgidə monoqrafiyalar, elmi əsərlər və konfrans materialları nümayiş olunub. Ümummilli liderin əziz xatirəsinə ehtiram əlaməti olaraq sərgidə 99 kitab və qəzet materialı yer alıb.
Fakültənin sərgi salonunda İncəsənət fakültəsinin müəllim və tələbələrinin ümummilli liderin əziz xatirəsinə həsr olunmuş rəngkarlıq, heykəltəraşlıq, tikmə, böyük stenddə güllərdən hazırlanmış portreti və imzası olmaqla ümumilikdə 50-yə yaxın əl işlərinin sərgisi də nümayiş olunub.
Fakültənin akt zalında keçirilən elmi-praktik konfransda ümummilli lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Universitetin rektoru Elbrus İsayev konfrans iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Rektor Azərbaycan elminin böyük hamisi Heydər Əliyevin ali təhsil ocağında 4 dəfə olmasını onun Naxçıvan təhsilinə, muxtar respublika ictimai mühitinə verdiyi qiymətin təzahürü kimi dəyərləndirib. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır. Azərbaycanın XX əsr tarixinin əlli ildən artıq dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə bağlıdır. Ulu öndərin ağır günlərində nəinki Naxçıvanı qorudu, hətta ən çətin məqamlarda belə muxtar respublikada qəbul etdiyi qərarlarla bütövlükdə Azərbaycanın gələcəyi naminə hesablanmış müdrik siyasətin təməl prinsiplərini qoydu.
Türk Ağsaqqalları Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Sudeyf İmamverdiyev sədri olduğu qurumun fəaliyyətindən və birliyin türk dövlətləri ilə birgə keçirdiyi görüşlərdən danışıb. Türk Ağsaqqalları Birliyinin əsas məqsədlərini diqqətə çatdıran akademik qeyd edib ki, son 30 ildə ölkəmizin qazandığı uğurlar, ictimai-siyasi sferada baş vermiş hadisələrlə bağlı ictimaiyyəti məlumatlandırmaq, gənclərin düşüncəsində dövlətçiliyin formalaşdırılması ilə əlaqədar bəzi məqamları çatdırmaq birliyin əsas hədəfləri sırasındadır.
Südeyf İmamverdiyev vurğulayıb ki, dahi rəhbərin siyasi fəaliyyətinin Naxçıvan dövrü nə qədər çətin və mürəkkəb bir zamana təsadüf etsə də, bu dövr Azərbaycanın müstəqillik tarixində çox böyük dəyərə malikdir. Ulu öndərin apardığı məqsədyönlü siyasətin tarixi mərhələlərinə xronoloji nəzər salan Türk Ağsaqqalları Birliyinin sədri muxtar respublikada aparılan məqsədyönlü siyasəti ulu öndər ideyalarına sadiqliyin təcəssümü kimi qiymətləndirib.
“Heydər Əliyev siyasi irsinin politoloji aspektləri” mövzusunda çıxışında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, professor Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan xalqı üçün Heydər Əliyev şəxsiyyəti və fəaliyyəti Azərbaycan etnosiyasi coğrafiyası ilə məhdudlaşmır. Naxçıvanı Azərbaycanın dövlətçilik, mənəviyyat, ideoloji paytaxtlarından biri adlandıran professor qədim yurd yerini tarixi yaddaş, milli mənəviyyat körpüsü kimi dəyərləndirib. Hikmət Babaoğlu Heydər Əliyevin siyasi irsini nəinki Azərbaycanla, bütün türk dünyası ilə əlaqələndirib. Professor bildirib ki, 2003-cü ildə xalqın yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf və siyasi sabitlik kursunu əzmkarlıqla davam etdirir.
Konfransda YAP Universitet şəhərciyi Ərazi Təşkilatının sədri, Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev “Heydər Əliyevin Naxçıvandan başlanan xilaskarlıq missiyası”, universitetin Fəlsəfə və sosial iş kafedrasının professoru, fəlsəfə elmləri doktoru Məmməd Rzayev “Heydər Əliyev və milli şüur konsepsiyası” mövzularında çıxış ediblər.
Sonda Naxçıvan Televiziyasının hazırladığı “Heydər Əliyev və türk dünyası” adlı film nümayiş olunub.
Rektor konfransdan xatirə olaraq akademik Sudeyf İmamverdiyevə plaket və hədiyyə təqdim edib. Konfrans iştirakçılarına isə iştiraketmə vərəqəsi verilib.
Akademik Sudeyf İmamverdiyev Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevə təşəkkürnamə təqdim edib.
Konfransın ardınca Universitetin İncəsənət fakültəsi müəllim və tələbələri bağlanış konserti təqdim ediblər. Konsertdə ümummilli liderin əziz xatirəsinə həsr olunan və onun sevdiyi mahnılar ifa olunub. Müslüm Maqomayevin “Azərbaycan”, Nəriman Məmmədovun “Sənsən xilaskar”, Ramiz Mirişlinin “Məşəl kimi yanan ürək”, Cahangir Cahangirovun “Alagöz”, Eldar Mansurovun “İlhamla sabaha” mahnıları tamaşaçılar tərəfindən yüksək zövqlə dinlənilib.
Səadət Əliyeva
Mahmud Hüseynov