Naxçıvada da ödənişli əsaslarla oxuyan tələbələrə təhsil kreditləri verilir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Araz Paşayevin Naxçıvan Dövlət Universitetinin  tələbələri ilə görüşü olub.

Görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2021-ci il tarixli fərmanı ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu” yaradılıb və Fondun nizamnaməsi təsdiq edilib. Rektor fondun yaradılmasını ali təhsilə və aztəminatlı təbəqədən olan gənclərə dövlət qayğısının bariz nümunəsi kimi dəyərləndirib.

Təhsil Tələbə Krediti Fondu İdarə Heyətinin sədri Araz Paşayev bildirib ki, fondun yaradılmasında məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsili üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Qeyd edilib ki, təhsil tələbə krediti olduqca mütərəqqi, gənclərin təhsilə əlçatanlılığının təmin olunmasına xidmət edən dövlət sənədidir. Təhsil tələbə kreditinin növləri, tələbə krediti almaq üçün verilən tələblər, kreditdən istifadə hüququ, kreditin verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər müəyyən edilib. Diqqətə çatdırılıb ki, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur. Fondun fəaliyyəti ölkə üzrə ödənişli və əyani təhsil alan tələbələrə aid olmaqla 44 ali və 55 orta-ixtisas təhsil müəssisəsini əhatə edir. Ölkə üzrə təxminən təhsil alan 266 min tələbədən 146 min nəfəri ödənişli əsaslarla oxuyur. Araz Paşayev onu  da vurğulayıb ki, krediti almaq üçün tələbə girov, zamin, borcalan və heç bir digər öhdəliklə yüklənmir. Diqqətə çatdırılıb ki, kreditlər verilərkən giriş balları nəzərə alınmaqla yüksək nəticə göstərilməsi ilkin şərt kimi qəbul edilir. Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə verilir. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ da verilir.

Universitetin Mühasibat uçotu şöbəsinin müdiri Ülvi Baxışlı bildirib ki, ali təhsil ocağında 2021-2022-ci akademik tədris ilindən Təhsil Tələbə Krediti Fondu ilə bağlı komissiyanın tərkibi müəyyənləşdirilərək fəaliyyətə başlayıb və tələbələrlə görüşlər təşkil edilərək onların qeydiyyatına şərait yaradılıb. Belə ki, ötən semestr ərzində ümumilikdə 60-a yaxın tələbə kreditlə bağlı müraciət edib, 25 nəfəri sosial, 23 nəfəri isə standart olmaqla 48 tələbənin krediti rəsmiləşdirilib. Hazırkı semestrdə isə bu günədək 50-yə yaxın tələbənin müraciəti qeydə alınıb və 8-i sosial, 16-sı isə standart olmaqla 24 nəfərin müraciəti rəsmiləşdirilib, 23 tələbə namizəd qismində saxlanılıb, digərləri isə gözləmə mövqeyindədir.

YAP Universitet Ərazi Partiya Təşkilatının sədri Arzu Abdullayev və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanovun mövzu ilə bağlı çıxışı dinlənilib, tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: