Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi tərəfindən aprel ayında muxtar respublikada müxtəlif istiqamətlər üzrə müsabiqələrin elan edilməsi və imtahanların keçirilməsi, eyni zamanda dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət davam etdirilib.
Yanvar ayından başlanan təhsilverənlərin sertifikatlaşdırma imtahanları aprel ayında tam başa çatdırılıb. Sertifikasiya və təkrar sertifikasiyanın ümumi nəticələrinə görə 2159 müəllim imtahanlarda iştirak edib.
Aprelin 11-də Naxçıvanda ilk dəfə olaraq mədəniyyət müəssisələrinə işə qəbul üçün müsabiqə keçirilib. Müvafiq müəssisələrin kadr ehtiyacına olan tələbatının ödənilməsi və vakant yerlərin komplektləşdirilməsi məqsədilə keçirilən müsabiqədə iştirak etmək üçün 202 namizəd qeydiyyatdan keçib. İmtahanda iştirak edən 191 namizəddən 69-u keçid balını toplayıb, 5 namizəd isə birbaşa müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. 27-29 aprel tarixlərində keçirilən müsahibə mərhələsinin nəticələrinə görə 67 namizəd bu mərhələdə iştirak edib, 38 nəfər isə keçid balını toplayıb.
Aprel ayında əvvəlki aylarda elan edilmiş müsabiqələr üzrə işə qəbul imtahanlarının keçirilməsi də davam edib. Aprelin 18-də ədliyyə orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin test mərhələsi keçirilib. İmtahanda iştirak edən 8 namizəddən 6-sı keçid balını toplayıb.
Aprelin 20-də AMEA Naxçıvan Bölməsinə işə qəbul üçün müsabiqənin test mərhələsində 7 namizəd iştirak edib, 3 namizəd keçid balını toplayıb.
Dövlət orqanlarında çalışan əməkdaşların peşəkarlığının yoxlanılması məqsədilə keçirilən attestasiya imtahanları aprel ayında da davam etdirilib. Aprelin 27-də Ədliyyə Nazirliyinin icra və probasiya qurumlarında çalışan əməkdaşlarının növbəti attestasiya imtahanı keçirilib. Nazirliyin 4 əməkdaşının iştirak etdiyi imtahanda iştirakçıların hamısı keçid balını toplayıb.
Aprelin 26-da Dövlət İmtahan Mərkəzində Mərkəzin sədri və rabitə və yeni texnologiyalar nazirinin iştirakı ilə “Dövlət qurumlarında informasiya təhlükəsizliyi” mövzusunda tədbir keçirilib. Dövlət orqanlarını təmsil edən 48 nümayəndə həmin tədbirdə iştirak edib.
Ötən ay hamiliklə bağlı tədbirlər də diqqətdə saxlanılıb. Aprelin 14-də Dövlət İmtahan Mərkəzinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin Mərkəzə hamiliyə verilmiş Dövlət və ictimai münasibətlər, aprelin 28-də isə Dövlət və bələdiyyə idarəetməsi ixtisaslarında təhsil alan tələbələrlə görüşüb, müxtəlif mövzularda hazırlanmış slaydlar vasitəsilə seminarlar keçirilib.
Hesabat ayında Dövlət Gömrük Komitəsinə, məktəbdənkənar tərbiyə müəssisələrinə və dövlət mətbuat orqanlarına sənəd qəbulu davam etdirilib. Ay ərzində mərkəz tərəfindən təşkil olunmuş dövlət qulluğuna qəbul üçün hazırlıq kurslarında 128, müəllimlərin işə qəbulu üçün hazırlıq kurslarında isə 32 nəfər olmaqla, ümumilikdə 160 nəfər iştirak edib. Dövlət qulluğuna qəbul üçün keçirilən sınaq imtahanında isə 50 nəfər iştirak edib.