“Gəncliyimiz və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində Azərbaycan Respublikasının Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə universitetin birgə təşkil etdiyi “Gəncliyimiz və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda çıxış edən “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva, Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva ölkəmizdə dövlət dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi məsələlərindən danışıblar. Bildirilib ki, Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi öz təsbitini tapıb. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı, eləcə də 2003-cü il 2 yanvar tarixli Fərmanı ilə qəbul olunmuş “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm dövlət sənədləridir. Prezident İlham Əliyevin müxtəlif illərdə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” Sərəncamları ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirib.

“Naxçıvan” Universitetinin “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müəllimi, professor Sədaqət Həsənova daim zənginləşən lüğət fondumuz, eləcə də dilimizin orfoepik və orfoqrafik sistemində aparılan təkmilləşdirmələr barədə ətraflı məlumat verib.

Diskussiya şəklində davam edən konfransda Monitorinq Mərkəzinin əməkdaşları Səma Vəliyeva, Türkanə İsrafilova, Nərgiz Əsədova və Günel Məmmədovanın çıxışları dinlənilib, ana dilimizin qorunması və inkişafı yolunda gənclərin üzərinə düşən vəzifələrdən danışıb, tövsiyələrini çatdırıblar.

Yekunda qonaqlara "Naxçıvan" Universitetinin hədiyyələri təqdim edilib.

Aynur Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: