ABŞ universitetinin professoru NDU-nun müəllim və tələbələri üçün vebinar keçib - FOTOLAR

A- A A+

ABŞ-ın Azusa Pasifik Universitetinin professoru Nancy Ackles Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri üçün vebinar keçib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ali təhsil ocağının Xarici dillər fakültəsində keçirilən tədbirdə İngilis dili və tərcümə kafedrasının baş müəllimi, tədbirin təşkilatçısı Aidə Cəlilzadə professoru salamlayıb, vebinarda iştirakına görə təşəkkür edib. Aidə Cəlilzadə ali təhsil ocağında ingilis dilinin tədris olunması, bu sahədə kadr hazırlığı istiqamətində görülən işlər barədə danışıb.

Sonra ABŞ-ın Azusa Pasifik Universitetinin qlobal tədqiqatlar, sosiologiya və TESOL departamentinin professoru Nancy Acklesin “İngilis dili müəllimləri təhsildə müsbət dəyişikliklərdə lider kimi” mövzusunda çıxışı dinlənilib. Dünyanın bir çox ölkələrinin ənənəvi tədris metoduna malik olması haqqında danışan professor ənənəvi və müasir təlim metodlarını müqayisə edib, ənənəviliklə müasirliyin vəhdətinin tədris prosesindəki əhəmiyyətinə toxunub.

Nancy Ackles ingilis dilinin tədrisində tətbiq olunan müasir təlim metodlarından, yeni strategiyalardan bəhs edib və auditoriyaya fikir və tövsiyələrini çatdırıb. Vurğulayıb ki, ingilis dili müəllimləri çox vaxt bu zəruri innovasiyaların təhsil sisteminə gətirilməsində xüsusilə maraqlıdırlar, çünki ingilis dili müəllimləri digər fənlərin müəllimlərinə nisbətən fikirlərini daha asan paylaşa bilirlər. Ortaq dil bu sahədə fəaliyyət göstərən müəllim və tədqiqatçıların birgə layihə və təlimlər keçirməsini, mövcud elmi-praktiki materiallardan istifadəni asanlaşdırır. Bunun nəticəsidir ki, ingilis dili müəllimləri böyük və kiçik ideyaları bölüşür, bu ideyalar məktəbdən-məktəbə, bölgədən-bölgəyə və ölkələrə yayılır.

NDU-nun Xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şirməmməd Qulubəyli Nancy Acklesə dəyərli fikirlərini paylaşdığı üçün təşəkkür edib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: