NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyənin İqdır Universitetində “Zəngəzur dəhlizinin regional inkişafda və iqtisadi artımda strateji əhəmiyyəti”nə dair konfrans keçirilib. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev konfransda iştirak edib.
Serhat İnkişaf Agentliyi və İqdır Universitetinin birgə təşkil etdiyi konfransda Zəngəzur dəhlizinin açılması nəticəsində Mərkəzi Asiya ilə əlaqələrin qurulması, Rusiya, İran, Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan və Türk Cümhuriyyətləri arasında tarixi İpək yolunun davamlı olacağı məsələlərinə aydınlıq gətirilib.
Tədbirdə çıxış edən İqdır valisi Hüseyn Engin Sarıibrahim Türkiyənin taleyi üçün mühüm əhəmiyyət kəsb edən tarixi hadisələrə nəzər salaraq, həmin proseslərin Türkiyə üçün önəmindən bəhs edib. İki ölkə arasında imzalanan əməkdaşlıq sənədlərinin qardaş dövlətlər üçün xüsusi əhəmiyyəti olduğunu bildirən İqdır valisi Zəngəzur dəhlizinin açılmasının Türkiyənin iqtisadi-inkişafında strateji baxımdan əhəmiyyətini qeyd edib. İki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi baxımından belə addımların böyük əhəmiyyəti olduğu qeyd edilib. Vurğulanıb ki, bu dəhliz vasitəsilə bölgənin Azərbaycanla nəqliyyat əlaqələri birbaşa təmin olunur və Ardahan, İqdır və Qarsdan ibarət olan sərhəd bölgəsi ticarət, iqtisadi və mədəni əlaqələrin inkişafı üçün mühüm potensial yaradır.
İnkişaf agentliklərinin baş direktoru Barış Yeniçeri bildirib ki, Zəngəzur dəhlizində iştirak edən regionların inkişafına töhfə verməyi əsas prinsiplərdən hesab edib. Diqqətə çatdırılıb ki, regionda kommersiya əlaqələrinin qurulması, lazımi investisiyaların layihələndirilməsi və həyata keçirilməsi, xüsusən də sərhədyanı ölkələrin inkişafı üçün əlavə səylər göstərilir. Barış Yeniçeri Şərqi Qara dəniz, Şərqi Aralıq dənizi, Şimali Şərqi Anadolu və Cənub-Şərqi Anadolu İnkişaf Agentliklərindən olan baş katiblərin Serhat İnkişaf Agentliyi ilə birgə bu işlərə öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib.
Konfransda çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Zəngəzur dəhlizinin açılmasının regionda sülhün, iqtisadi inkişafın əsasını təşkil edəcəyini vurğulayıb. Diqqətə çatdırılıb ki, region üçün böyük strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi Azərbaycanı bölgənin nəqliyyat qovşaqlarının mərkəzinə çevirməklə yanaşı, həm də regional əməkdaşlığın inkişaf etdirilməsi və perspektivdə müharibə ehtimalının minimuma endirilməsi baxımından önəmlidir. Digər tərəfdən, sözügedən dəhliz türk dünyası üçün Orta Asiyaya ticarət qapısı rolunu oynayacaq və iqtisadi əlaqələrin gücləndirilməsinə imkan verəcək. Bildirilib ki, Zəngəzur dəhlizinin açılması əbədi dostluq və qardaşlıq münasibətləri davam edən Azərbaycan və Türkiyə, eləcə də Avrasiya üçün ən mükəmməl alternativ yoldur. Rektor Vətən müharibəsində 30 illik həsrətə 44 gün ərzində son qoyan Azərbaycan xalqının daim yanında olan qardaş Türkiyənin bu işdə də fəal rol oynamasını qürurla dilə gətirib. Diqqətə çatdırılıb ki, böyük mübarizənin sonunda Zəngəzur dəhlizinin açılması da tarixi qələbənin əsas tərkib hissəsidir. Elbrus İsayev Türk dünyasının birliyini təmin edəcək konfransda əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev erməni işğalı nəticəsində Naxçıvanın Azərbaycanla quru sərhədlərinin kəsilməsini ölkəmizin o dövr üçün ən ağır sınaqlarından hesab edib. Vurğulanıb ki, tarixi qələbədən sonra uğurlu və məqsədyönlü siyasi diplomatik danışıqların nəticəsində Zəngəzur dəhlizinin açılması bundan sonrakı proseslərin inkişafı üçün yeni qapı olacaq və bu birlik həmçinin türk dünyası ölkələrinə də öz töhfələrini verəcək.
Konfransda Serhat İnkişaf Agentliyinin baş katibi Nurullah Karaca və İqdır Universitetinin rektoru, professor Mehmet Hakkı Almanın mövzu ilə bağlı çıxışları dinlənilib.
Konfrans Türkiyənin əlaqəli qurumları və universitetlərinin iştirakı ilə “Regionun nəqliyyat və logistika infrastrukturu”, “Zəngəzur dəhlizi çərçivəsində imkanlar və ehtiyaclar”, “Sosial-mədəni əlaqələr kontekstində Zəngəzur dəhlizi” və Zəngəzur dəhlizinin beynəlxalq ticarətin inkişafına təsiri mövzularında davam edib. 3 gün davam edəcək konfrans yekun bəyannamə ilə bitəcək.
Fəxriyyə Səyyadova