Naxçıvanda bu gün keçirilən imtahanlarda 1000-ə yaxın abituriyent iştirak edib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən üçüncü ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsi keçirilib. İmtahan ölkənin bir sıra bölgələrində, o cümlədən Naxçıvanda təşkil olunub. Bütün binalarda saat 11:00-da başlayan imtahan 3 saat davam edib.

Ümumilikdə, qəbul imtahanı keçirilən şəhər və rayonlarda 91 imtahan binası, 1607 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 91 ümumi rəhbər, 264 imtahan rəhbəri, 2 mindən artıq nəzarətçi-müəllim cəlb olunub. İmtahanda iştirak etmək üçün 21 min 521, muxtar respublika üzrə isə 979 abituriyent qeydiyyatdan keçib. Abituriyentlərdən 19 min 500-dən çoxu Azərbaycan, 2 minə yaxını rus bölməsinin məzunu, 18 min 500-ə yaxını cari ilin orta ümumtəhsil məktəblərinin, 2 min 500-dən çoxu isə əvvəlki illərin məzunudur.

Naxçıvan Muxtar Respublikasında da təşkil olunan imtahan üçün 4 bina ayrılıb. İmtahan Naxçıvan şəhər 5, 11, 14 nömrəli və Heydər Əliyev adına tam orta məktəbdə keçirilib. Abituriyentlərə hər fənn üzrə 22-si qapalı, 8-i isə açıq tipli olmaqla, cəmi 30 test tapşırığı təqdim olunub. Açıq formada olan tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan mətn əsasında hazırlanan, digərləri isə hesablama, seçim, xronologiya və uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

Qeyd edək ki, sabah ikinci ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbulun ikinci mərhələsi və üçüncü ixtisas qrupunun TC altqrupuna sənəd verən abituriyentlərin Coğrafiya fənni imtahanı keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün isə respublika üzrə 22 min 878, Naxçıvan üzrə isə 983 abituriyent qeydiyyatdan keçib. 

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: